Artım iddiası, real mənzərə
18-04-2022 11:52 / Bu xəbər 1474 dəfə oxundu
Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan 12 aprel müşavirəsində üç ayda əhalinin gəlirlərinin təxminən 20 faiz artdığını deyib.
Novator.az-ın məlumatına görə, iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli bu iddianı şərh edərək yazır:
"2022-ci il martın 1-nə Azərbaycanın 10 milyon 164 min 500 nəfərə yaxın əhalisi olub. Ötən ilin sonuna ölkədə muzdlu işçilərin 903 min 600 nəfəri dövlət, 795 min 700 nəfəri özəl sektorda çalışıb.
2022-ci ilin yanvarına olan məlumata görə, ölkədə 1 milyon 197 min pensiyaçı var.
Yenə rəsmi rəqəmlərə əsasən, ölkədə 2,7 milyon nəfərin yaşı 18-dən azdır. Aqrar sektorda çalışanlar rəsmi olaraq 1,7 milyon nəfər sayılır, təqribən 800 minə yaxın şəxs də fərdi sahibkar kimi qeydə alınıb.
Dövlət sektorunda çalışanların maaşlarında ortalama 10-12 faiz artım var – onların sayı 903600 nəfərdir.
Özəl sektorda maaş artımına dövlətin müdaxiləsi ancaq minimum əməkhaqqına görə ola bilər. Minimum maaş 250 manatdan 300 manata qaldırılıb.
1 milyon 200 minə yaxın pensiyaçı var, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği 9,4 faiz artaraq 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb. Gəlir artımı 9 faiz ətrafındadır.
Aqrar sektorda adına pay torpaq, həyətyani sahə olan hər kəsin adını fermer qoyub qeydiyyata alırlar, onların dövriyyəsi və gəliri haqqında rəsmi məlumat tapmaq mümkün deyil, amma inanmıram ilk rübdə fermerin gəlirləri 20 faiz artsın, əksinə, bu aylarda fermer daha çox kisədən yeyir, mövsümə hazırlaşır.
Fərdi sahibkar kimi çalışanların gəlirlərində də 20 faiz artım olması şübhəlidir. Amma bunu tam dəqiq bilmək olar – Dövlət Vergi Xidməti VÖEN-lə çalışanların dövriyyəsini və ödənişlərinin həcmini açıqlasın, görək onların gəlirləri nə qədər artıb. Vergiləri artmayıbsa, gəlirləri də arta bilməz.
Prezidentin və rəsmi təbliğatın "gəlirlər 20 faiz artıb” tezisi ancaq minimum əməkhaqqına aiddir, bir tək o sahədə, doğrudan da 20 faizlik artım var. Digər kateqoriyalara daxil olan insanların gəlirlərinin orta artımı 8-10 faiz olub, bu da standart 4 nəfərlik ailə timsalında hesablansa, daha aşağı göstəricilər alınır.
Yaxşı, bəs bu 20 faiz söhbəti haradan çıxıb?
Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin nominal gəlirləri 2022-ci ilin birinci rübü ərzində 18,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1593,2 manat təşkil edib, bu da illik müqayisədə 18,5 faiz artım deməkdir. Yəni hətta rəsmi rəqəmlər də 20 faiz deyil, 18,5 faizdir və bu, real artım deyil, nominal artımdır.
Rəsmi statistikaya görə, ilk rübdə ərzaq inflyasiyası 17 faizdirsə, əhalinin real gəlirləri, demək olar, artmayıb, çünki əhali qazancının 75 faizə yaxınını ərzağa və kommunal xidmətlərə xərcləyir”.