Arutyunyan dialoq üçün Rusiyanın vasitəçiliyini istəyir
07-07-2023 14:44 / Bu xəbər 1095 dəfə oxundu
Tanınmamış "Dağlıq Qarabağ”ın (erməni tərəf Artsax adlandırır) prezidenti Arayik Arutyunyan Rusiyanın vasitəçiliyi üzərinə götürəcəyi təqdirdə Azərbaycanla dialoqa başlaya biləcəyini deyib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bu kontekstdə vurğulamaq istərdim ki, "Artsax Respublikası” öz konstruktiv mövqeyinə sadiq qalır və sivil dialoq vasitəsilə bütün problemləri sülh yolu ilə müzakirə edib həll etməyə hazırdır”, – deyə Arutyan bildirib.
Harutyunyan "parlament”də deputatlarla görüşdə: "Bakı bizimlə bir mövzunu – inteqrasiyanı müzakirə edir”, – deyə danışıqlardan imtina etdiyini demişdi.
"Arayik Arutyunyanın Putinə məktubunu nəzərə alsaq, ola bilsin ki, Bakı ilə danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılsın”, – deyə Ermənistan mediası yazıb.
Rusiya Xarici İşlər Nazirliyi iyulun 6-da A.Arutyunyanın Vladimir Putinə məktubuna cavab verib.
Nazirliyin sözçüsü Mariya Zaxarova məktubla tanış olmadığını deyib: "Mən bu bəyanatlarla tanış deyiləm. Həmçinin dediyiniz şəxsin vəzifələri ilə də tanış deyiləm. Ona görə də bunları hətta şərh etməyəcəyəm”.
İyulun 4-də ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin İctimai Televiziyaya müsahibəsində Vaşinqtonun Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin oluna biləcəyinə inandığını söyləmişdi.
Səfirin sözlərinə görə, ABŞ çoxdan bəyan edir ki, Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi qorunmalı, bu yöndə danışıqlar aparılmalıdır.
Azərbaycan hakimiyyəti martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda növbəti görüşə dəvət etsə də, bundan imtina edilib.
Qondarma qurumun Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiyanın sülhməramlı kontingentinin komandanlığının yerləşdiyi yerdə və vasitəçiliyi ilə görüşə hazırdırlar: "Biz Laçın dəhlizi vasitəsilə "Artsax”ı Ermənistanla birləşdirən yeganə yolun açılmasını, blokada nəticəsində yaranmış humanitar, infrastruktur və digər təxirəsalınmaz problemlərin həllini prioritet hesab edirik. Həmçinin Azərbaycana hazır həll yollarını boynumuza qoymaq deyil, vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına yönələcək digər məsələlərin müzakirəsinə də açığıq”, – deyə məlumatda qeyd olunub.
Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda bir sıra obyektlərin təməlqoyma mərasiminin açılışında Qarabağda özlərini müstəqil respublika elan edənlərə hansı hallarda güzəşt oluna biləcəyinə də toxunmuşdu:
"Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament” buraxılmalıdır, özünü "prezident” adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər”, "deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.(Meydan TV)