Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar - III YAZI

Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar - III YAZI

12-11-2021 11:49 / Bu xəbər 1582 dəfə oxundu

Seymur Kazımov
Eksklüziv olaraq "Arqument.az"da

Onlar müharibənin ən sərt üzünü gördülər. Elə bir üzdür ki, insanı həm fiziki, həm də psixoloji olaraq çökdürə bilər. 

Kimisi rahat danışdı, kimisi də göz yaşlarına qərq oldu. Bəlkə də, "müharibənin sərt üzü” o qədər də şiddətli deyil, onlar məhz ölümün özünü gördülər. 

Müharibənin ən ağır, ən həyəcanlı, hətta ən məsuliyyətli yükünü çiyinlərində daşıdılar. 

Azərbaycan ordusu işğal altındakı torpaqları azad edərkən xalq sevinir, bir-birini təbrik edirdi. 

Onlar isə 44 gün bu torpaq uğurunda həlak olan şəhidləri qarşıladılar və son mənzilə yola salmaq üçün səfərbər oldular; din xadimləri və onlara kömək edən sadə insanlar, könüllülər. 

Övladını itirmiş və onun soyumayan cəsədini gözləyən valideyni də qarşılamaq, sakitləşdirmək, bir sözlə, balalarının yoxluğuna hazırlamaq da din xadimlərinin işi idi. 

27 sentyabr – ərazilər işğaldan azad olunur, eyni zamanda ilk şəhidlər məscidlərə gətirilir və bu hal 44 gün təkrarlanır. 

Minlərlə hekayə, həm ön, həm də arxa cəbhə qəhrəmanlarının hekayəsi... 


Bərdə

Bərdə "Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov digər həmkarlarına nisbətən təcrübəlidir, müharibənin hər üzünü görüb; Xocalı faciəsi, "Birinci Qarabağ münaribəsi”, "Aprel hadisələri” və nəhayət, "İkinci Qarabağ müharibəsi”. 
 

Hacı Ramazan Hüseynov

O, 1993-cü ilin yayında Ağdam işğal olunarkən rayonu sonuncu tərk edənlərdən olub: "İyulun 23-də dolanbac yollardan keçib məscidə getdim. Əsas qapı bağlı idi. Yan qapıdan girdim. İçəridə xeyli xalça-palaz var idi. Oradan çıxdım, yuyucuxanaya getdim. Üstləri örtülü bir neçə şəhid cəsədi vardı. Vəziyyət gərgin idi. Ağdamı tərk etdim. Həmin gün rayon işğal olundu. Oradakı cəsədlərin aqibətindən isə bugünədək məlumat yoxdur”. 

Axund Ramazanın haqqında danışdığı məscid – işğaldan azad olunan Ağdamdakı həmin o "Cümə” məscididir.  

Amma axundun bu münaqişə tarixindəki fəaliyyətinin bir dövrü xüsusi qeyd olunmalıdır - naməlum şəhidlərin dəfni: "3-cü sıra, 14-cü qəbir. Burnunun sağ tərəfində ətdən xalı var”, "2-cı sira 24-cü qəbir, Ağdamın işğalı günü şəhid olub”. 


Axundun iş stolunun üstündə, arxasında buna bənzər qeydlər aparılmış onlarla şəkil var. Bu fotolardakılar müxtəlif vaxtlarda şəhid olmuş hərbçilərdir. Elə şəhidlər olub ki, onların fotoları bir neçə cəhddən sonra çəkilib. Foto keyfiyyətli çıxmadığına görə, qəbir açılıb və təkrar foto çəkilib. 

2020-ci il sentyabrın 27-də Bərdəyə 24 şəhid gətirildi. Məscidin yuyucuxanasında iki nəfərlik yer var idi. 

Bərdə Mərkəzi Xəstəxanasındakı morqun yaxınlığında səyyar yuyucu məntəqələr və zəruri vəsaitlərin saxlanması, o cümlədən din xadimlərinin, könüllülərin dincəlməsi üçün çadırlar qurulmağa başlanıldı: "Həm Qafqaz Müsəlmanları İdarəsi, həm dövlət qurumlarının dəstəyi ilə xəstəxananın həyətində böyük bir sistem qurduq. Məsciddə kəfənlərin biçilməsinə dərhal başlanıldı. Bayraqlar gətirildi. Eyni vaxtda 6 şəhid yuyurduq. Gecə-gündüz saat kimi işləyirdik. Rayon üzrə 50-dən artıq din xadimi 10 məsciddə növbəli iş prinsipinə keçmişdi. Bərdəyə 44 gündə 476 şəhid gəldi. Rayonun özünün 52 hərbçi, 29 mülki şəhidi var”. 

Bərdəyə də ağır ölüm keçirmiş şəhidlər daxil olur, bəzilərini yumaq, qüsul vermək mümkün olmur: "Bəzi şəhidlərimiz tabutda dəfn olundu. Çünki başqa cür mümkün deyildi. Qəbiri elə qazdıq ki, tabutda olsalar da, üzü qibləyə dayansınlar”.

Əsgər anaları və ataları. Onlara təsəlli vermək mənəvi məsələdir və bəzən nə qədər inanclı olub-olmamağın önəmli deyil. Elə valideynlər də var ki… 

"Oktyabr ayında bir şəhid anası məscidə gəlmişdi. Ana israr etdi ki, mən oğluma baxmaq istəyirəm. Göstərdik. Ana diqqətlə şəhidin üzünə baxdı və uca səslə:
- Oğul, Allah sənin şəhadətini qəbul eləsin, - dedi. 
İnanın, o an sanki güllə dəydi mənə. Amma anaya baxın... Oğlanın dayısı ağlamaq istəyirdi, ana qoymurdu. Onun üstünə qışqırdı ki, möhkəm ol, ağlama. Mənim oğlumun şəhidliyi mübarək olsun. Amma  getdi oturdu maşına və təklikdə hönkür-hönkür ağladı”.

2020-ci ilin oktyabrında Bərdəyə bomba atılır. Həmin vaxt axund öz əməkdaşları ilə xəstəxananın həyətində şəhid yuyurdu. Axundla yollanırıq morqun yerləşdiyi binanın qarşısına. 

Bomba atılan zaman haraya uzandıqlarını göstərir.
 
"Sonra da ayağa qalxıb, işimizə davam etdik”, - deyir. 

Növbəti xatirəsini nəql etmək istəyir, amma səsi titrəyir, gözləri qızarır. Ağlamamaq üçün çalışır, amma yanaqlarından yaş süzülür: "Gecə saat 12 idi. Yeni gətirilmiş şəhidləri morqa yerləşdirməyə hazırlaşırdıq. Onlara baxış keçirən zaman uşaqlardan biri dedi ki, bir nəfərin bədəni istidir, deyəsən, nəbzi vurur. Sonra başqa bir nəfər də baxdı və təsdiqlədi. Əsgəri tez qaldırdıq xəstəxanaya. Bir də gordüm ki, uşaqlar qışqıra-qışqıra gəlir ki, sağdır. Deməli, həkimlər sistem qoşublar və bədən sistem götürüb. Elə sevindim ki... Tez-tez maraqlanırdım o əsgərlə. İki saatdan sonra tibb bacısı gəldi və dedi ki, əsgər gözlərini açdı, ətrafa baxdı və yenidən yumdu... Keçindi”

Tərtər

44 günlük müharibədə Tərtərin ərazisinə onminlərlə mərmi düşdü, evləri, küçələri dağıldı, sakinləri öldürüldü. Rayon özü 39 hərbçi, 17 mülki şəhid verdi. 

Tərtər "Cümə” məscidinin axundu Sadiq Cəfərov deyir ki, 27 sentyabrda məscidə 30 şəhid gətirilib. 

Tərtərin bütün kəndləri münaqişə dövründə cəbhəyanı ərazi olub. Din xadimləri rayonun Əskipara, Borsunlu kimi mərmi altında olan kəndlərində şəhid dəfn ediblər. 

"Valideynlər belə istəyirdi. Baxmayaraq ki, təhlükəli idi, onların istəyindən kənara çıxmırdıq. Bəlkə də, o məzarlıqlarda balalarının dəfn olunması onlarla bağlı son istəkləri idi. Təhlükəni nəzərə alıb qəbirləri də özümüz qazırdıq. Səhlabad, Hüsənli kəndində də eyni işləri görürdük”, - deyir axund Sadiq. 
 

Sadiq Cəfərov 

Məsciddə könüllülük edən iki nəfər də, yaxınlıqlarına düşmüş mərmi nəticəsində həlak olublar. Onlar xəstəxanadan məscidə şəhid gətirməyə gedirmişlər...  

Axundun da şəhid valideynləri ilə bağlı əhvalatları var. Özünü toparlayır, danışır: "Məscidə bir nəfər gəlir. Atadır, xəstəxananın yerini soruşur, oğlunu axtarırmış. Oğlunun adını soruşdum. Bizim siyahıda idi adı, içəridə yuyulurdu. O isə elə bilirdi ki, oğlu hələ də sağdır”. 

Görünür, bir ataya "oğlun şəhid oldu” demək qismətində varmış. Həm də, ata haradan bilsin ki, oğlu onunla eyni məsciddədir. Ata ümid edəndə, oğlu şəhadətə yürümüşdü: "Bilmirdim ki, o xəbəri necə verim. Rahatlıqla xəstəxananın yolunu da göstərə bilərdim ki, xəbəri oradan öyrənsin. Çox danışdım, axırda kişi anladı və dedi ki, narahat olma, mənə hər şeyi açıq de. Ömrümdən illər getdi. Ataya oğlunun şəhid olduğu xəbərini verdim. Oğlunu görmək istədi. Göstərdik, yaxınlaşdı və alnından öpdü". 

Axund haradan bilsin ki, onu bundan da çətin sınaq gözləyirdi. Bəzən, valideynlərin ən son arzularına qarşı getmək üçün dirənirsən: "Məscidə başqa bir şəhid gətirildi, ağır ölüm keçirmişdi.  Ata sonuncu dəfə oğlunu görmək istəyir. Mən isə göstərmək istəmirəm. Səbəbini soruşur. Açıq deyə bilmirəm. Hiss edirəm ki, taqətdən düşürəm, bir də atanın sual dolu baxışları. Allah mənə güc verir, atanı qucaqlayıram ki, görmə, məsləhət deyil... Qırmayaq şəhidimizin qürurunu. Ata anlayır. Cibindən oğlunun fotosunu çıxarır, tabutun üstünə qoyur və şəkli öpür”.