Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar

Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar

09-11-2021 12:17 / Bu xəbər 1968 dəfə oxundu

Seymur Kazımov

Eksklüziv olaraq "Arqument.az"da
 
I yazı

Onlar müharibənin ən sərt üzünü gördülər. Elə bir üzdür ki, insanı həm fiziki, həm də psixoloji olaraq çökdürə bilər. Kimisi rahat danışdı, kimisi də göz yaşlarına qərq oldu. Bəlkə də, "müharibənin sərt üzü” o qədər də şiddətli deyil, onlar məhz ölümün özünü gördülər. Müharibənin ən ağır, ən həyəcanlı, hətta ən məsuliyyətli yükünü çiyinlərində daşıdılar. 

Azərbaycan ordusu işğal altındakı torpaqları azad edərkən xalq sevinir, bir-birini təbrik edirdi. Onlar isə 44 gün bu torpaq uğurunda həlak olan şəhidləri qarşıladılar və son mənzilə yola salmaq üçün səfərbər oldular; din xadimləri və onlara kömək edən sadə insanlar, könüllülər. 

Övladını itirmiş və onun soyumayan cəsədini gözləyən valideyni də qarşılamaq, sakitləşdirmək, bir sözlə, balalarının yoxluğuna hazırlamaq da din xadimlərinin işi idi. 

27 sentyabr – ərazilər işğaldan azad olunur, eyni zamanda, ilk şəhidlər məscidlərə gətirilir və bu hal 44 gün təkrarlanır. 

Minlərlə hekayə, həm ön, həm də arxa cəbhə qəhrəmanlarının hekayəsi... 

Beyləqan

"İlk şəhidimiz elə beyləqanlı idi: Röyal. Həmin gün işçilərimiz iki yerə bölündü. Bir qismi burada – Beyləqanda qaldı, digərləri isə Füzuli rayonundakı ikinci Mahmudlu kənd məscidinə yollandılar. Beyləqan ziyarətgahının istər birinci Qarabağ, istərsə də 2016-cı ilin aprel döyüşləri zamanı şəhidləri qəbul etmək təcrübəsi vardı. Buna görə də, şəhidlərin bir qismini buraya gətirdilər”.

Qafqaz Müsəlmanlar İdarəsi Qazilər Şurasının üzvü, Həzrəti Cərciz Peyğəmbər ziyarətgahının imamı Mirsəccad İmranov 27 sentyabrı belə xatırlayır. 
 

Cərciz Peyğəmbər ziyarətgahı

Onun sözlərinə görə, ilk gündən yerli icra hakimiyyətinin və vətəndaşların, o cümlədən çalışdığı Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə tabutların hazırlanması, kəfənlərin biçilməsi, pambıqların gətirilməsi, tabutların üzərinə çəkiləcək qırmızı parçaların tikilməsi və Azərbaycan bayraqlarının təşkili işlərinə başlanılır.
 
Ziyarətgahın 38 işçisi səfərbər olmuşdu, bundan əlavə, xeyli könüllü də sonradan cəlb olundu: "Hərdən elə olurdu ki, şəhid gecə saatlarında gətirilirdi. Buna görə də növbəli iş prinsipinə keçmişdik. 44 gün bizim əməkdaşlar və könüllülər evlərinə getmədilər. Məscidlərin həyətində salınmış çadırlarda gecələdilər. Hər gün şəhid gəlirdi. Amma bir dəfə gün ərzində Beyləqan və Füzulidəki məscidlərə ümumilikdə 76 şəhid daxil oldu. Müharibə günlərində Beyləqandakı ziyarətgaha 569 şəhid gətirilib. Rayon özü 136 şəhid verib”.  

Azərbaycanın bütün bölgələrinə buradan şəhid cənazələri yola salınıb. Üstəlik, bu rayonların da öz şəhidlərinin dəfn mərasimlərinə qatılmaq, son mənzilə yola salmaq işlərini də eyni din xadimləri görüb. 

Yeganə xanım şəhid Arəstə Baxışova da Beyləqandan yola salınır. Şəriət kişilərin onu yumasına izn vermədiyindən hərbi əməliyyatların gərgin vaxtında bir neçə qadın tapılıb və bu işi onlar həyata keçiriblər.

Mirsəccad İmranov deyir ki, Beyləqandakı ziyarətgaha iki rus şəhid də gətirilib: "Şeyx həzrətlərinə müraciət etdim. O da Aleksandr Atayla danışdı. Bizə deyildi ki, onları yuyaq və yanlarına təmiz hərbi geyim qoyaq. Xristian qaydalarına görə geyimdə dəfn olunmalıydılar”. 
 
Mirsəccad İmranov müharibə dövründə qurulmuş səyyar yuma məntəqələrinin yerini göstərir

Nicat Quliyev Beyləqan sakinidir, Həzrəti Cərciz ziyarətgahında çalışır. 44 günlük müharibədə şəhidlərin yuyulması işinə cəlb edilir.
 
Nicatgil növbəlilik əsasında çalışıblar. Belə ki, hər beş şəhiddən bir dəyişilirdilər. Şəhidlər vardı ki, onları yumaq, ya da qüsul vermək mümkün deyildi: güllə yerləri, kəsik yaralar, yanmış bədənlər...  

"Şəhid mənim ilk təcrübəm idi. Həyəcanlandım. Mənim yanımda olan dostum Məşədi Zaur birinci Qarabağ müharibəsində belə mənzərələri çox görmüşdü. O, mənə ürək-dirək verdi. Mənə şəhidliyin böyük və müqəddəs zirvə olduğu hisslərini təbliğ etdi və həyəcanımı yendim. Bundan sonra 44 gün ərzində bu işi davam etdirdim.  Bəzən elə olurdi ki, ağır vəziyyətli şəhidin üzərində 40 dəqiqə işləyirdik”.

Bu cür həssas məqamları nəzərə alan Qafqaz Müsəlmaları İdarəsi xüsusi komissiya yaradır və yerlərə göndərir. Komissiya üzvləri şəhidlərin yuyulma prosesinə cəlb olunmuş şəxslərlə görüşlər keçirir, onları maarifləndirir. İnsan dünyasını dəyişəndə 3 cür qüsul verilir: sidr, kafur və abxalis.
 
Bəzən bunlardan hər hansı birini tətbiq etmək olmurdu. Belə şəhidlər təyənnüm edilirdilər – onların bədənlərinin müəyyən hissələrinə torpaq tökülürdü. Yəni qüsul torpaqla yerinə yetrildikdən sonra şəhid kəfənlənirdi. 

İmam müavini Məhəmməd Sadıqov da şəhidlərin yuyulması, onların cənazə namazının qılınmasını həyata keçirir. 

2016-cı ilin aprelində ziyarətgahdan 24 şəhid yola salıb. Özünü yetərincə təcrübəli hesab etsə də, "İkinci Qarabağ müharibəsi” onun yaddaşında müəyyən izlər qoyub: "Böyük Vətən Müharibəsində həm Beyləqan, həm də Füzulidəki məscidə gün ərzində 50-55 şəhid gətirilirdi. Amma şəxsən mənim üçün ən çətin proses şəhid valideynlərini sakitləşdirmək, onlarla söhbət aparmaq, şəhidliyin ən yüksək zirvə olduğuna inandırmaq idi. Çətindir, valideynin canından can gedib...”

Məhəmmədin gözləri naməlum bir nöqtəyə zillənib. O hadisələri təkrar yaşayır sanki. Bir qədər sükutdan sonra deyir: "Biz də insanıq, bizim də duyğularımız var. Bir dəfə kənara çəkildim, əsgərlərin qanlı parçalarına baxdım, çökdüm və ağladım”. 

Ziyarətgahın ərazisində yuyucuxanada, tabut düzəltmə sexində müharibənin dəhşətlərini anladan nişanələr hələ də qalmaqdadır. Həm də üst-üstə yığılmış qanlı xərəklər...  

...Bəzi şəhidlərin bədən üzvləri yoxdur, pambıqla onlara əza düzəldilir. Bəzilərinin axan qanını dayandırmaq lazım gəlirdi ki, kəfənə keçməsin. Güllə dəyən yerə pambıq doldurulur və tikilir. 

Bir də, israrla övladlarını bütün hallarda görmək, onlara sarılmaq istəyən valideynlər var...

Şəhidlərdən birinin atası ziyarətgahın həyətində gözləyir ki, oğlunun cəsədi yuyulsun və uzun axtarışdan sonra onu görsün. 

Məhəmməd atanın boynunu qucaqlayır və yalvarır ki, oğluna baxmasın: "Müharibəyə necə yola salmışdınsa, qoy sənin xatirəndə elə də qalsın, onun son halını görmə”. 

Ata onu eşidir...