Arxitektura Komitəsi və Ekologiya Nazirliyi qanunsuz tikintini himayə edir?

Arxitektura Komitəsi və Ekologiya Nazirliyi qanunsuz tikintini himayə edir?

24-08-2023 02:14 / Bu xəbər 557 dəfə oxundu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masazırda qanunsuz tikintiləri himayə edir.
 
Bu barədə Abşeronun Masazır qəsəbəsində yaşayan bir qrup sakin "Arqument.az"a məlumat verib.

Onların sözlərinə görə, Masazır qəsəbəsində qanunsuz tikintilər gündən günə daha da geniş vüsət alır. Tikinti normativlərinə və mövcud qanunvericiliyə uyğun aparılmayan tikintiyə isə aidiyyatı dövlət qurumları "yaşıl işıq" yandırıb.
 
Sakinlər qeyd edir ki, sürüşmə zonası olan Masazır qəsəbəsi bir neçə maklerin girovuna çevrilib. Bu maklerləri isə birbaşa Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri himayə edir.

Şikayətdə bildirilir ki,  Masazırda gölü adlanan ərazidə aparılan qanunsuz tikintiyə Abşeron rayon icra hakimiyyətinin şöbə müdiri Nurlan Həsənov "krışalıq" edir. 
 
Masazır qəsəbəsində göl adlanan ərazidə tikinti işlərini "Gold House" şirkəti aparır.
 
"Gold House" şirkətinin Elçin adlı nümayəndəsi mediaya açıqlamasında dolayısı ilə tikintinin qanunsuz aparıldığını bildirmişdi. Belə ki, şirkət nümayəndəsi göl adlanan ərazidə apardıqları tikinti barədə danışarkən: "Sənədimiz olmasa da, cavabdeh qurumdan icazə alırıq", - deyə bildirmişdi.
 
Masazır sakinləri vurğulayırlar ki, qəsəbədə təbii göllərin işbazlar tərəfindən doldurulması və yerində ev tikilib satılması barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə, Fövqaladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Lakin indiyədək heç bir qurum əraziyə baxış keçirməyib.
 
Abşeron rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.
 
Yerli mediada Nurlan Həsənov Fərzəliyevin "qara kassası" kimi xarakterizə olunur. Onun icra başçısının tikinti biznesini idarə etdiyi iddia edilir.
 
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı.