Arzu Rəhimovun Lənkərandakı "adamı" qanunları necə pozur?

Arzu Rəhimovun Lənkərandakı

15-07-2021 17:17 / Bu xəbər 1148 dəfə oxundu

Xidmət Universitetə qəbul olunan tələbənin sənədlərini qəbul etmir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəisi işdə tapılmır.

Bu barədə çağırışçılar Arqument.az-a məlumat veriblər.

Onlar bildiriblər ki, dəfələrlə xidmətə getsələr də, rəisin müavinləri onlara: "Komissar işdə yoxdur", - cavabını veriblər.

Şikayətçilərdən Samir Axundzadə deyir ki, Xidmətin Lənkəran Şöbəsində qanunlara hörmət edilmir, vətəndaşlarla olduqca kobud davranılır: "İyun ayında Türkiyədə universitetə qəbul olunmuşam. Sənədim əlimdədir. Türkiyənin Azərbaycandakı səfirliyi də sənədimi təsdiqləyib. Amma komissarlıq sənədimi qəbul etmir, müxtəlif bəhanələr gətirilir. Bakıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdim, dedilər ki, sənin əlində rəsmi sənəd var, get Lənkərana təqdim elə. Mən yenidən Lənkərana getdim, amma sənədimi qəbul etmirlər. Deyirlər ki, guya sənədi gecikdirmişəm. Halbuki mən iyun ayından get-gəldəyəm. Açıq görünür ki, Lənkəran şöbəsində qanunlara hörmət etmirlər".

O deyib ki, Xidmət onun təhsil almasına əngəl yaratsa, məhkəməyə müraciət edəcək. 

Arqument.az mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Füzuli İsmayılovla əlaqə saxlayıb. O, məsələyə şərh vermək istəməyib.
 
Bildirib ki, problemlə bağlı Xidmətin elektron ünvanına müraciət edilməlidir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.