Arzudan əcələ körpü...
27-07-2024 00:29 / Bu xəbər 1762 dəfə oxundu
Günel İbrahim
Ekranın qarşısında oturub seyr edilən dəhşətli mənzərə hər ikisini vahiməyə salmışdı. Sanki donmuşdular. Qeyri-ixtiyari gözlərindən süzülən yaş yamacdan axan və günəşin şüaları altında parıldayan su novunu xatırladırdı. Ağlamaqdan gözləri şişmişdi. Hər ikisi bu mənzələri ürək ağrısı ilə izləyirdi. Başqa cür mümkün də deyildi. Çünki həqiqətən yer üzü belə vəhşət görməmişdi. Xocalı soyqırımının həqiqətlərini dünyaya hayqıran bu filmdə 1992-i ilin fevralında Qarabağın Xocalıdakı dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər nəticəsində ailələrini itirmiş uşaqların taleyindən bəhs olunurdu.
Filmdə Fatimə ilə Cevdetə ən çox təsir edən isə Aybükə adlı körpə qızın taleyi idi. Fatimə sanki yuxudan oyanmış kimi qərarlı və qəti bir səslə Cevdətə sarı çevrilib:
- Cevdət, əgər bir gün qızımız olarsa, adını Aybükə qoyarıq. Bu körpə mələyin yarım qalan həyatı bizim Aybükəmizdə yeni can qazanar. Onun yarımçıq arzularını qızımız yaşadar.
Cevdət onu qucaqlayıb, gözlərindən öpdü və yaxşı, inşallah, qızımız olsun, mütləq sənin bu arzunu gerçəkləşdirərik, - dedi.
Türkiyənin Çorumunda sadə bir ailə olan Cevdətgilin bu gün sevinci yerə-göyə sığmırdı. Çünki onların yuvasına yeni bir can gəlmişdi. Üzü ay kimi gözəl, qıvırçıq, qəhvəyi saçlı, qara gözlü qızlarını qucaqlarına almışdılar. İllər əvvəl əhd etdikləri kimi bir saniyə belə düşünmədən adını Aybükə qoydular.
Günlər keçir, Aybükə getdikcə böyüyür, az qala mələyə bənzəyirdi. Körpəliyindən hamıdan fərqlənirdi. Hər kəsin də sevimlisi idi. Uşaq olsa da, yaşına görə çox ağıllı idi. Hərərkətləri, dərin düşüncəsi, ölçülü davranışları ilə hər kəsin diqqətini çəkirdi. Anası ilə söhbət edərkən həmişə deyirdi ki, böyüyəndə özündən sonra mütləq bir iz qoyan adam kimi xatırlanmaq istəyir. Dediyinə görə, böyüyəndən sonra müəllim olacaqdı, həm də musiqi müəllimi.
Məktəbi əla qiymətlərlə bitirib ali məktəbə daxil olan zaman sevinci yerə-göyə sığmırdı. Arzusunun bir addımlığındaydı. İllərdir ki, xəyalını qurduğu müəllim peşəsinə yiyələnirdi...
Məktəbdə olduğu kimi ali məktəbdə də qiymətləri əla idi. Dərslərə həvəslə hazırlaşır, bütün tapşırıqlarını canla-başla yerinə yetirirdi. Nəhayət, gün gəldi, universiteti başa vurdu. Hamının sevimlisi balaca Aybükə indi Aybükə müəllim idi. Sevincinin həddi-hüdudu yox idi. Hər şey ona yuxu kimi gəlirdi.
Ailəsinin razılığını almaq asan olmasa da, bunu da bacardı. Ata anasını razı salıb öz evindən, doğmalarından uzaqda, Konyanın ucqar bölgəsində müəllim kimi işləməyə başladı. Ailəsindən uzaq qalması Fatimə və Cevdətin heç ürəyincə olmadı, amma Aybükənin körpəliyindən qurduğu xəyalının və arzusunun qabağında durmaq istəmədilər. Ona görə də Aybükənin uzaq bir bölgədə işləməsinə razı oldular. Onları razı salan səbəblərdən biri də Aybükənin gözlərinin içini ağuşuna almış məsum gülüş, sevinc idi. Aybükə arzusuna çatdığı üçün o qədər sevincli, xoşbəxt idi ki...
Ucqar kənd olduğu üçün Aybükə işə başlayandan çətinlikləri də çox oldu. Şəraitin çətinliyi bir yana, kənddə düz-əməlli musiqi avadanlıqları, məktəb belə yox idi. Amma heç bir yoxluq, çətinlik onun gözəl ürəyindəki istəyə sədd çəkə bilmədi. Aybükə zirzəmini sinif otağına çevirdi. Öz qazancından zirzəmini səliqəyə saldı, boyadı, təmizlədi, kiçik cənnətə çevirdi. Daha sonra tələbələri ilə həmin zirzəmidə dərslərə başladı. Amma bu dəfə də instrumentlərin kasadlığı problemi ortaya çıxdı. Aybükə heç düşünmədən öz maaşı ilə musiqi alətləri aldı. Otaq tam təminatlı musiqi kabineti oldu. Aybükənin fədakarlığı, insanlığı, əməyinə olan sevgisi, anlayışlılığı, mərhəmətliliyi, tək peşəsini yox, xalqını, ucqarda olan balalara da eyni imkanı təmin etməyə çalışmaq istəyi, onlar üçün əlindən gələnin artığını etməsi qısa zamanda onu bütün kəndə, qəsəbəyə sevdirdi. Böyükdən kiçiyə hamı Aybükəyə heyranlıq və sevgi bəsləyirdi.
Nə az, nə çox,yeddi aylıq marafon sona çatınca Aybükənin həyəcanı birə min oldu. Çünki ilk dəfə idi ki, zəhmətinin bəhrəsini görəcəkdi. Dişi, dırnağı ilə düzüb-qoşduğu sinfinin ilk tələbələrinə karne (qiymət kağızı) paylayacaqdı. Bizdən fərqli olaraq Türkiyədə hər tədris ilinin sonunda qiymət vərəqi alarkən onu şənlik şəklində təşkil edir, uşaqlara qiymət cədvəli paylanır. Aybükə də gecəni sabaha qədər yuxusuz qalıb tələbələrinin qiymət vərəqini hazırlamış, incə toxunuşlarla onları daha sevimli hala gətirmişdi.
Son günü idi məktəbin. Təşkil edilmiş tədbirdə Aybükə öz iş yoldaşları və tələbələri ilə çox əyləndi. Tədbir hədsiz maraqlı, gözəl keçdi. Aybükənin ürəyi sanki sinəsinə sığmırdı. Sevinci sevincə qarışmışdı. Peşəsinin ona verdiyi məsuliyyət və tapşırığın öhdəsindən layiqincə gələ bilməyin sevinci bir başqa idi, çətinliklərə rəğmən tələbələrinə faydalı olmağı bacarmağın qüruru başqa.
Tədbirdən çıxıb evə çatan kimi paltarlarını tez dəyişdi, axşamdan hazırlamış olduğu çantalarını götürüb qapıdan çıxdı. Vağzala tələsirdi, çünki aylar sonra ata-ansına, evinə qovuşacaqdı. Vağzala tez çata bilmək üçün maşurutla yox taksiylə getməyə qərar verdi. Çünki səbrsizlənirdi doğmalarına çatmaq üçün. Hər gün ailəsi ilə telefonda dəfələrlə görüntülü danışmaq, gördüyü işləri maraq, sevinc və qürurla onlara danışmaq yetərli olmurdu. Anasının dadlı xörəkləri, atasının saçlarına çəkdiyi tumarı, qaragözlüm, kirazgözlüm (gilasgözlüm) deyə oxşaması, anasının dizlərinə başını qoyub dəqiqələrcə hüzur tapması üçün o qədər darıxmışdı ki...
Taksi dar, dolanbac yollardan keçib şəhər mərkəzinə doğru irəliləyirdi. Gözünün qabağından sürətlə şütüyən maşınlar, onunla birgə irəliləyən ağaclar, səma, buludlar, hətta kölgəsi kimi arxasınca sürünən günəş belə sanki Aybükəni qalib bir sərkərdə, qürurlu bir cəngavər kimi yola salırdı. Aybükə yolun necə keçdiyini hiss etmirdi. Gözü kimisə, nəyisə görmürdü. Çünki o artıq xəyalən evində idi.
Anası yenə neçə cür ləzzətli xörək bişirmiş, süfrəni bayram süfrəsi kimi bəzəmiş, atası qapının ağzına kimi hər yanı sulamış, qızının ən sevdiyi, ona doğum günündə hədiyyə etdiyi ətrini vurmuş, qonşusu Pakizə xala onunçün öz əlləri ilə sevdiyi su börəyindən hazırlamış, əmiuşaqları, xalauşaqları, qohumlar, ən yaxın rəfiqəsi Simay da onun gəlişini gözləməkdədilər.
Anidən maşının əyləcinin cingiltili səsi Aybükəni xəyallarından ayırdı. Taksinin qarşısında bir qara maşın qəfil dayanınca sürücü məcbur əyləcə yüklənməli olmuşdu. Taksinin arxasında isə başqa bir maşın dayandı. Anidən sürətlə həmin yerdən uzaqlaşdı. Aybükə arxadakı maşının nömrəsinə diqqət edincə dövlət idarəsinin maşını olduğunu anladı. Amma qarşıda dayanıb yollarını kəsən maşının nömrəsizliyi onu bir az həyəcanlandırdı. Nə baş verdiyini anlamayan qızcığaz sürücüdən nə baş verdiyini soruşmağa macal tapmadan atəş səsləri duydu. Ardıcıl açılan güllələrin hədəfi isə Aybükə oldu: uşaqlıq arzusu olan peşəsinin arxasınca evindən, ailəsindən, doğmalarından uzaq düşən, ucqar kənddə millətinə faydalı ola bilmək məqsədilə yola çıxmış Aybükə müəllim.
Az sonra bütün televiziya xəbərləri bu hadisəni anons etdi: "Konya şəhər bələdiyyəsinin müdirinə qarşı hazırlanmış sui-qəsdin qurbanı gənc müəllim Aybükə Yalçın bugünkü saldırıda həyatını itirdi".
"Pis xəbər tez yayılar", - deyib atalar. Bu acı xəbər qısa zamanda bütün Türkiyəni yasa boğdu. Ata-anasının balaca şahzadəsi olan Aybükə indi türk adı daşıyan hər evin doğması, bütün könüllərin şahzadəsinə çevrildi.
2017-ci ildən bəri hər il Aybükə Yalçın bir mələk kimi yad edilərkən ağıllarda belə bir sual dolanır:
- Müəllim Aybükə xocalılı Aybükənin taleyindənmi pay aldı? Yoxsa arzuları onun əcəlinə körpü saldı?