“AS GROUP” 100 milyonluq borcu bir mənzillə “silmək” istəyir?

“AS GROUP” 100 milyonluq borcu bir mənzillə “silmək” istəyir?

09-09-2021 12:28 / Bu xəbər 1439 dəfə oxundu

Ötən gün bir sıra mətbu orqanlarda Azərbaycanın ən böyük tikinti şirkətlərindən olan "AS Group Investment”-in bir şəhid ailəsinə özünə aid yeni yaşayış binalarının birindən 3 otaqlı mənzil bağışladığna dair məlumat yayıldı. (R) işarəsilə, yəni reklam xarakterli bu məlumatda qeyd olunurdu ki, şirkət özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksindəki mənzillərdən birini kirayədə yaşayan şəhid ailəsinə verib.

Təbii ki, bu, olduqca təqdirəlayiq haldır və şirkətin bir şəhid ailəsilə bağlı xeyriyyəçiliyi yalnız alqışlana bilər. Baxmayaraq ki, böyük kapitala malik və milyonlarla dəyəri olan layihələrdə iştirak edən tikinti şirkətinin bir şəhid ailəsinə mənzil verdiyini reklam etməsi o qədər də xoş təsir bağışlamır. Ancaq hər necə olsa, "AS Group Investment”-ə bu addımına görə təşəkkür düşür... Lakin bütün bunlarla yanaşı, təəssüf ki, sözügedən şirkət xeyriyyəçiliyindən daha çox böyük hay-küyə səbəb olan "Bank Standard”-ın müflisləşməsi işindəki "payına” görə tanınır. 

"Bank Standard”ın lisenziyası 2016-cı ildə ləğv edilib. Bankın müflis elan olunması dövlətə və əmanətçilərə yüz milyonlarla dollar ziyan vurub və təəssüf ki, bankın bu vəziyyətə düşməsində "AS Group Investment”in də böyük payı var.

Bir neçə il əvvəl əmanətçilər pullarının qaytarılmamasına görə etirazlara başlayanda bu bankdan on milyonlarla kredit götürüb, qaytarmayan şəxslərlə bağlı məsələ gündəmə gəlmişdi.

Hələ 2017-ci ildə onların sırasında sözügedən şirkətin adı çəkilirdi və bildirilirdi ki, "AS GROUP”-un banka 100 milyon manat borcu var və bu pul şirkətə heç bir girov təminatı olmadan verilib. Lakin "AS Group Investment” şirkəti borc məbləğinin 100 milyon yox, 77 milyon 750 min olduğunu, həmçinin, kreditin girov müqabilində verildiyini açıqlamışdı. Ancaq sonradan məlum oldu ki, girov qoyulduğu barədə deyilənlər təsdiqini tapmır. 

Ötən ay isə məlum oldu ki, kredit hələ də qaytarılmayıb. Bu üzdən hətta Əmanətlərin Sığortalanması Fondu məhkəmədə şirkətə qarşı iddia qaldırmaq məcburiyyətində qalıb. İddiaçı tərəfinin tələb etdiyi məbləğin isə 100 milyon manat civarında olduğu bildirilir.

2019-cu ilə qədər "Bank Standard”ın Kreditorlar Komitəsinin sədri olmuş vəkil Əkrəm Həsənov mətbuata açıqlamalarının birində demişdi ki, bu kreditin müqabilində bir sıra daşınmaz əmlakların girov qoyulması şirkətin bəyanatında qeyd olunsa da, ortada heç bir fakt-sübut yoxdur: "Kreditorlar Komitəsinin sədri kimi, mənim sənədlərə çıxışım vardı. Mən sənədlərdə bu kreditə görə qanunvericiliyə uyğun rəsmiləşdirilmiş girov görməmişdim…”

Bankın lisenziyası ləğv olunanda orada pulu olanlar arasında sıravi vətəndaşlarla yanaşı, Dövlət Neft Şirkəti də olub. Bu, o deməkdir ki, "AS GROUP” faktiki olaraq, dövlətin və vətəndaşların 100 milyon manata yaxın vəsaitinə bank vasitəsilə yiyələnib və 5 ildən artıqdır ki, onu qaytarmaq barədə düşünmür. Hansı ki, bu vəsaitə bir yox, minlərlə şəhid ailəsinə mənzil tikmək olardı…

Bütün bunlar nəzərə alındıqda, dövlətin, vətəndaşın 100 milyona yaxın vəsaitini məlum yolla alıb qaytarmayan belə bir şirkətin şəhid ailəsinə maya dəyəri hardasa 50-60 min manat olan mənzil bağışlamasını az qala "misilsiz xeyriyyəçilik aktı” kimi təqdim və reklam etməsi yumşaq desək, qeyri-etik, loru dildə desək "hamam suyu ilə özünə dost tutmaq” kimi görünür.

"AzPolitika.info”