Asif Əsgərov təbliğata başlayıb? - İcra başçısı Seçki Məcəlləsinə qarşı

Asif Əsgərov təbliğata başlayıb? - İcra başçısı Seçki Məcəlləsinə qarşı

24-07-2024 10:49 / Bu xəbər 914 dəfə oxundu

2024-cü il sentyabrın 1-də VII çağırış Milli Məclisə keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla bağlı "qlobal.az" saytında "Zaqatala seçiciləri Asif Əsgərovu sosial problemlərinin xilaskarı kimi görür" başlıqlı yazı dərc olunub

Xəbərdə bildirilir ki, Asif Əsgərovun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb və Zaqatala sakinlərini bu addımı böyük sevinc hissi ilə qarşılayıblar. 
 
"Sakinlərin sevincinə səbəb isə dövlətçiliyə, ulu öndər Heydər Əliyevin siyasi kursuna ən sadiq şəxslərdən hesab edilən Asif Əsgərovun onların deputatı seçiləcəyi təqdirdə illərlə yığılıb qalan sosial problemlərinin həll ediləcəyinə olan inamlarıdır", - deyə xəbərdə qeyd olunur. 
 
Yazıda vurğulanır ki,Asif Əsgərov Zaqatalaya, onun sakinlərinin sosial həyatına dərindən bələddir, çünki o, 2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olub.

"Zaqatalaya Asif Əsgərovun rəhbərlik etdiyi dövrü sakinlər "qızıl dövr" adlandırır", - deyə yazıda qeyd olunur. 

"Arqument.az"a danışan ekspertlər isə deyirlər ki, deputatlığa namizədlə bağlı yayımlanan bu yazı açıq-aydın təbliğat xarakteri daşıyır və Azərbaycan Respublikası Seçki Məcəlləsinə ziddir. Çünki hazırda sənədlərin təqdim olunması və imzatoplama mərhələsidir. Seçki isə qanunla 3 mərhələdən ibarətdir: imzatoplama, təbliğat-təşviqat və səsvermə.

Asif Əsgərovla bağlı bu xəbər isə məhz imzatoplama dövründə ortaya çıxıb, bu da təbliğat olduğu üçün birbaşa qanuna ziddir. 

Bu xəbəri əsas götürən Mərkəzi Seçki Komissiyası onun namizədliyini ləğv edə və digər hüquqi addımlar ata bilər. Xəbər isə heç şübhəsiz heç də təsadüfən ortaya atılmayıb, Əsgərov isə xəbərə hər hansı bir reaksiya verməyib. Aydın görünür ki, xəbər Əsgərovun təbliğat maşınının ortaya atdığı informasiyadır və qanun pozuntusudur. Hətta rəqibləri bu məsələni ölkədaxili və beynəlxalq məhkəmələrdə mübahisələndirə bilərlər... 

Yəqin ki, Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirəcək.