Asif Yusifli: Biz bu dövlət uğrunda savaşanda yorğan altında gizlənənlər indi bizə böhtan atır

Asif Yusifli: Biz bu dövlət uğrunda savaşanda yorğan altında gizlənənlər indi bizə böhtan atır

22-07-2019 15:47 / Bu xəbər 1363 dəfə oxundu

AXCP sədrinin müşaviri azadlığa buraxılmadı

AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusifliyə verilmiş 5 illik həbs cəzasının başa çatmasına 4 ay qalıb. 

O, vaxtından əvvəl şərti azadlığa buraxılması üçün Suraxanı Rayon Məhkəməsinə ərizə versə də, təmin olunmamışdı. A.Yusiflinin həmin qərardan verdiyi şikayətə iyulun 22-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmədə öncə A.Yusiflinin vəkili Elçin Sadıqov çıxış edib. 

Bildirib ki, Suraxanı Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır: "Məhkəmə 2018-ci ilin oktyabrında cəzaçəkmə müəssisəsində Asif Yusifliyə töhmət verilməsinə əsaslanıb. Oktyabrda 16 saylı cəzaçəkmə müəssisəsindəki siyasi məhbus sayılan bütün məhkumlar cəzalandırılıb. Həmin ərəfədə orada saxlanılan AXCP sədrinin müşaviri Məmməd İbrahimin yatağından bıçaq tapılması iddiasıyla ona yeni iş açıblar. Bu biri məhbuslar o məsələni öz aralarında müzakirə etdiklərinə görə hamısını cəzalandırıblar. O töhmət qərarının özü də əsassızdır".

A.Yusifli özü də töhmət barədə danışarkən deyib ki, M.İbrahim haqqında yeni iş açılıb aparılandan sonra orada öncə jurnalist Əfqan Muxtarlı haqqında cəza qərarı verilib. Daha sonra müəssisənin rəisi Şahin Həsənov onu yanına çağırıb: "Mənə dedi ki, "yuxarıdan" göstəriş gəlib, sənə də cəza verilməlidir".

Suraxanı Rayon Məhkəməsinin qərarının qanunsuz, əsassız olduğunu, siyasi sifariş əsasında çıxarıldığını söyləyən A.Yusifli bildirib ki, həbsdə saxlanmasının yeganə səbəbi siyasi mövqeyidir: "Məni mənfi xarakterizə edən hal kimi yazıblar ki, "cinayəti etiraf etmir, peşmançılıq keçirmir". Mən heç bir cinayət törətməmişəm, etiraf da, peşmançılıq da ola bilməz. Mən həbsdə rejim və intizam qaydalarını pozmamışam. Yazıblar ki, "dövlətçilik əleyhinə təbliğata meyllidir". Bizim dövlətçilik əleyhinə olan Ermənistandır. Mən də torpaqlarımızı işğal edən ermənilərə qarşı döyüşlərdə sağlamlığımı itirmişəm. 14 yaşımdan Milli Azadlıq Hərəkatına qoşulmuşam. Üzvü olduğum partiyanın - AXCP-nin məqsədi də ölkənin müstəqilliyinin möhkəmlənməsi, torpaqların azad edilməsi, insan haqlarının qorunması, korrupsiyanın kökünün kəsilməsidir. Biz bu dövlət uğrunda savaşanda yorğan altında gizlənənlər indi bizə böhtan atır. Yazırlar ki, müəssisədə təhsilini davam etdirmir. Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Müəssisədə qaynaq və rəngsazlıq öyrədən iki peşə məktəbi var. Mən əliləm, bu işləri onsuz da görə bilmirəm. Əvvəl birinci qrup əlil idim, onu da dəyişib ikinci qrup elədilər".

A.Yusifli əlavə edib ki, işində nə maddi ziyan var, nə də şikayətçi.

Cəzaçəkmə müəssisəsinin əməkdaşı A.Yusifli haqqında verilən mənfi rəyi müdafiə etdiyini bildirib.

Apelyasiya Məhkəməsinin hakimləri də şikayəti təmin etməyərək, A.Yusiflini vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib.

A.Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. O, CM-in 178-ci (dələduzluq) maddəsilə 5 il azadlıqdan məhrum edilir. Söhbət Fəridə Zülfüqarova adlı şəxsin oğlunun təhsili üçün Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova göndərdiyi 6500 manatlıq vəsaitdən gedir.

R.Hüseynov məhkəmədə bildirib ki, pulu özü alıb. F.Zülfüqarova da dəymiş ziyanın ödənildiyini, şikayətçi olmadığını bildirib.

A.Yusifli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir. 

Onun sözlərinə görə səbəb də Qarabağ qazisi Zaur Həsənovun ölümünə görə şəhərin mərkəzində keçirdiyi etiraz aksiyasıdır.///Meydan.tv