Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı bütün qərarlar ləğv edildi

Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı bütün qərarlar ləğv edildi

12-11-2021 18:59 / Bu xəbər 943 dəfə oxundu

Səbəb AİHM-in hüquqşünasın şikayəti üzrə qəbul etdiyi qərardır

Azərbaycan Ali Məhkəməsinin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib.

Bildirilir ki, buna səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Aslan İsmayılovun şikayəti üzrə qəbul etdiyi qərardır.

Hüquqşünas Xalid Ağəliyev bildirib ki, AİHM həmin qərarda Aslan İsmayılovun ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb: "Eyni zamanda, məhkəmə başqa bir neçə hüquqşunasın (Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Xalid Bağırov, Yalçın İmanov, Elçin Namazov və s.) da kollegiyadan qanunsuz uzaqlaşdırılması barədə qərarlar qəbul edib”.

Hüquqşünas düşünür ki, Ali Məhkəmənin həmin vəkillər barədə də eyni qərar verməsi, məhkəmə hakimiyyətinə yalnız hörmət gətirər.

Foto:Meydan TV

AİHM Aslan İsmayılovun şikayəti üzrə həmin qərarını 2020-ci ilin martında qəbul edib.

Qərarın icrası çərçivəsində Aslan İsmayılovun işinə yeni açılmış hallar üzrə Ali Məhkəmədə baxılıb.

Əvvəlki qərarları ləğv edən məhkəmə, işi yenidən incələnməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb.

AİHM yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi bu haqda AİHM Qərarlarının İcrasına Nəzarət Departamentini məlumatlandırıb.

İşə yenidən nə vaxt baxılacağı bilinmir.

Foto: Meydan TV

"Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun vəkillik fəaliyyətinə 2013-cü ildə xitam verilib.

Vəkillər Kollegiyasının İsmayılovun bu qurumdan çıxarılması tələbi ilə iddiasına Nərimanov Rayon Məhkəməsində baxılıb, iddia təmin edilib.

Məhkəmə əsas göstərib ki, Aslan İsmayılov qanunsuz şəkildə hakimlərin otağına daxil olub, təhqirə, təhdidə yol verib.

Bakı Apelyasiya Məhkəməsinin qüvvədə saxladığı həmin qərarı, 2014-cü ildə Ali Məhkəmə ləğv edib, apelyasiya instansiyasına qaytarıb. Ancaq Bakı Apelyasiya Məhkəməsi öz qərarını dəyişməyib. Ali Məhkəmə də ikinci dəfə Aslan İsmayılovun kassasiya şikayətini rədd edib.

Aslan İsmayılov daxili müdafiə vasitələri tükəndikdən sonra yerli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

AİHM isə müvafiq qərarında Aslan İsmayılova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.


Foto: By Maykova Galina/Shutterstock

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) AİHM-in "Aslan İsmayılov Azərbaycana qarşı” qərarının icrasına Namazov Qrupu çərçivəsində nəzarət edir.

Bu qrupa AİHM-in Azərbaycanla bağlı 3 qərarı (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) daxil edilib.

Hər 3 qərar ərizəçilərin Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərin hamısında vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar verib.

AŞ NK Namazov Qrupu-na daxil olan qərarların icra durumunu sonuncu dəfə bu ilin sentyabrında, 1411-ci toplantıda müzakirəyə çıxarıb.

Qurumun yekun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduğu vurğulanıb.(Meydan TV)