Aslan İsmayılov da jurnalisti dəstəklədi: "Evlər həkimlərə verilsin"

Aslan İsmayılov da jurnalisti dəstəklədi:

10-07-2020 23:25 / Bu xəbər 1265 dəfə oxundu

Jurnalist Samir Kazımlının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində jurnalistlər üçün tikilən 3-cü binanın tibb işçilərinə verilməsini təklif etməsindən sonra hüquqşünas Aslan İsmayılov da belə bir təkliflə çıxış edib.

Bu barədə Aslan İsmayılov özünün feysbuk səhifəsində yazıb.

"Jurnalistlər üçün tikilən binadakı mənzillər bu gün koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərinə verilsin!"

"Səhifəmi diqqətlə izləyənlər bilirlər ki, ölkəmizdə koronavirus yayılan ilk günlərdən bunun ciddi bir təhlükə olduğunu bildirmişdim. Bu yazılarıma olan kütləvi iradlara, qınaqlara baxmayaraq fikrimdən dönmədim və bunu müharibə şəraiti ilə eyniləşdirdim. Bu gün artıq hamı dərk edir ki, pandemiya bütün dünyanı, o cümlədən bizi çox çətin duruma salıb və həqiqətən müharibə şəraitidir", - hüquqşünas qeyd edib. 

O bildirib ki, virusla müharibə şəraitində həkimlərimiz ön cəbhədədir: "Artıq çoxlu sayda yoluxanlar, hətta ölənlər də var və bunun nə qədər davam edəcəyi də bəlli deyil. Ona görə də bu sahədə çalışan, sözün əsl mənasında həyatlarını riskə atan həkimlərimizə hərtərəfli dəstək lazımdır ki, ölən və virusa yoluxan tibb işçiləri və onların ailələri xəstələnəndən və ya öləndən sonra ailələrinin pis durumda qalmayacaqlarını bilsinlər. Əminəm ki, İkinci Qarabağ savaşı da olacaq və biz Qarabağı azad edəcəyik. Bu, həm də həmin savaşa insanlarımızı hazırlamaq üçün lazımdır".

Hüquqşünas jurnalist Samir Kazımlının təklifini dəstəklədiyini deyib: "Ona görə mən də mətbuatda səslənən təşəbbüsü dəstəkləyib təklif edirəm ki, dövlət vəsaiti hesabına jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillər və buna qədər iki binada qanunsuz olaraq verilmiş mənzillər geri alınıb bu gün koronavirusla mübarizədə fərqlənən tibb işçilərinə verilsin".

Qeyd edək ki, Samir Kazımlının təklifini bir qrup jurnalist və ictimai fəal da dəstəkləyib.