AŞNK Azərbaycandan məhkəmə qərarlarının icrasını tələb edib

AŞNK Azərbaycandan məhkəmə qərarlarının icrasını tələb edib

20-09-2024 19:24 / Bu xəbər 651 dəfə oxundu

3 qrup üzrə 10-dan artıq qərarın icra edilmədiyi vurğulanıb

Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) Strasburqda keçirilən 1507-ci toplantısı işini başa çatdırıb.

Sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilən 3 günlük toplantıda qəbul edilmiş qətnamələr açıqlanıb.

"Aihmaz.org” saytının yazdığına görə, toplantının gündəliyinə Azərbaycanla bağlı 3 qrup işinə daxil edilən 10-dan artıq qərarın icra durumunun müzakirəsi də salınıb: "Komitə hər 3 qrupla bağlı qətnamə qəbul edib. Mahmudov və Ağazadə Qrupuna daxil olan qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi, diffamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının ləğvi ilə bağlıdır".

Nazirlər Komitəsi müvafiq qətnaməsində Azərbaycan hökumətini qrupa daxil olan 3 qərarın – "”Azadlıq” qəzeti və Zahidov”, "S.Əliyev və "Xural” qəzeti və Zeynalov işləri” üzrə görülmüş fərdi tədbirlər haqqında məlumat verməyə dəvət edib: "Sənəddə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrininin hələ də dəyişdirilməməsindən, daxili qanunvericiliyin Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmamasından təəssüf ifadə edilib. Hökumət növbəti araşdırmaya qədər bu kontekstdə ciddi və nəzərəçarpacaq addımlar atmazsa, AŞ NK aralıq qətnamə qəbul edəcək”.

Anar Məmmədli qrupuna gəldikdə, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova, Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir: "Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qrupla bağlı qətnamədə Azərbaycan hökumətinin ərizəçilərin məhkumluqlarının ləğv edilməsi istiqamətində addımlar atmamasından narahatlıq ifadə edilib”.

"Hazırkı qrupda qalan ərizəçilərin məhkumluqlarının ləğv edilməsinin, qisas xarakterli və pis niyyətli həbslərə və təqiblərə qarşı sağlam və ardıcıl məhkəmə təcrübəsini bərqərar edəcək əsas ümumi tədbir olaraq qaldığını vurğulayırıq. Ali Məhkəmədə işlərə yenidən baxılması prosesinin həddən artıq və izah edilməmiş gecikdirilməsini narahatlıqla qeyd edir, məhkəmənin qərarlarının tam icrası üçün yerli məhkəmələr tərəfindən səmərəli təkrar araşdırma prosedurunun təmin edilməsinin zəruriliyini bir daha vurğulayırıq”, – deyə sənəddə vurğulanır.

Toplantıda həmçinin AİHM-in "Sarqsyan Azərbaycana qarşı” qərarının icra durumu da müzakirə edilib və müvafiq qətnamə qəbul edilib.

Sənəddə qərarın icra edilməsi üçün gecikmədən addımların atılması istənilir.