AŞPA Azərbaycana çağırış etdi

AŞPA Azərbaycana çağırış etdi

28-01-2021 17:07 / Bu xəbər 652 dəfə oxundu

Anar Məmmədli: "AŞPA-nın hesabatı reallıqları əks etdirir"

"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün tərəflər siyasi dialoqa mane olan qızışdırıcı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı 9 noyabr üçtərəfli bəyanatının humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır".

Bu fikirlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "AŞPA monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnaməsində öz əksini tapıb.

Sənəddə Azərbaycanda insan haqları məsələlərinə toxunulur və ReAl Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlanır, lakin bəraətin Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf edilir.

AŞPA öhdəlikləri yerinə yetirməyə çağırır

Qətnamədə rəsmi Bakının opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla, ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğunun, hüququn aliliyi və insan haqlarının pozulmasının, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir.

AŞPA monitorinq altında olan ölkələri Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır.

Aydın Mirzəzadə: "Avropa Şurasının qətnaməsi anlaşılan deyil"

YAP İcra Katibliyinin Siyasi təhlil və planlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Turan"a bildirib ki, Azərbaycan müstəqilliyini, demokratiyanı, insan hüquqlarını hüquqi demokratik dövlət quruluşu ilə bağlayır: "Hələ AŞPA-ya üzv olmamışdan, Azərbaycanda 1993-cü il 15 iyunda – Heydər Əliyevin hakimiyyətə gəldiyi gün ölüm cəzasına moratoriya işə salındı, 1995-ci ildə demokratik konstitusiya qəbul edildi, 1998-ci ildə ölüm hökmü ləğv edildi, eyni zamanda, mətbuat üzərindən senzura götürüldü, siyasi partiyaların fəaliyyətinə şərait yaradıldı. Bütün bunlar Azərbaycanın şüurlu, məqsədyönlü seçimi idi”.

Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan Avropa Şurasına daha demokratik, insan hüquqlarınıın qorunmasında daha mübariz olması üçün daxil olub: "Biz öhdəliklərimizi kifayət qədər yerinə yetiririk. Azərbaycan bu gün Avropa Şurasının dayaqlarından biridir”.

Aydın Mirzəzadə
Mənbə: Meydan TV

Mirzəzadə Avropa Şurasının qətnaməsini "anlaşılan deyil” deyə xarakterizə edib: "Həlak olan hərbiçilərin cəsədlərinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan Rusiya vasitəçiliyi ilə çox sıx işləyir. Hətta Ermənistan tərəfə daha çox əsirlər qaytarılıb, nəinki Ermənistanda olan Azərbaycan əsirləri. Bu gün işğaldan azad olunmuş zonada Ermənistan nümayəndələri Azərbaycan və Rusiya nümayəndələri ilə birlikdə həlak olmuş hərbiçilərin cəsədlərini tapıb Ermənistan tərəfinə çatdırmaqdadır”.

Deputat bildirib ki, söhbət 10 noyabr sazişindən sonra Azərbaycan ərazisində həbs olunmuş diversant qrupundan gedirsə, həmin şəxslər artıq hərbi əsir deyil: "Bunlar artıq Azərbaycana cinayət törətmək üçün göndərilmiş diversantlardır. Şübhəsiz ki, bunlara qarşı Azərbaycan olmasın, istənilən digər dövlət olsun, hüquq mexanizmi işə salmalıdır. Bununla bağlı dəfələrlə izahat verilib”.

Mirzəzadə mədəniyyət abidələri məsələsinə toxunaraq vurğulayıb ki, Azərbaycan torpaqları işğal altında olanda dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən AŞPA-ya həmin ərazilərə nümayəndələrin göndərilməsini, mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı arayış hazırlamasını xahiş etmişdi: "Çox təəssüf ki, biz bunu nə ATƏT-in Minsk Qrupundan, nə də AŞPA-dan görmədik”.

Anar Məmmədli: "Azərbaycanda repressiyalar səngiməyib"

Hüquq müdafiəçisi Anar Məmmədli AŞPA-nın hesabatının reallıqları əks etdirdiyini deyir: "Hətta mən deyərdim ki, bir sıra məsələlər öz əksini tapmayıb. Əslində, Azərbaycanın Avropa Şurasının qarşısında öhdəliklərinin icrası ilə bağlı son hesabatdan ötən dövr ərzində xeyli olaylar baş verib. Olayların bir qismi hesabatda öz əksini tapıb”.

Anar Məmmədli
Mənbə: Meydan.Tv

Hüquq müdafiəçisi həm yerli, həm beynəlxalq müşahidəçilərin parlament seçkilərində ciddi çatışmazlıqlar olduğunu yada salıb: "Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı ölkədə ciddi çatışmazlıqlar var. Konkret olaraq, siyasi məhbuslarla bağlı qəbul olunmuş qərarların icrasında problemlər var. Məsələn, İlqar Məmmədov qrupuna aid olan işlərdən yalnız ikisinə Ali Məhkəmə tərəfindən bəraət verildi, digər yeddi nəfərin işi isə hələ də qalmaqdadır”.

Məmmədli Azərbaycanda repressiyaların səngimədiyini də əlavə edib: "Keçən ilin mart ayından bəri xeyli sayda siyasi və ictimai fəal müxtəlif motivlərlə azadlıqdan məhrum edilib. Beləliklə, ölkədə siyasi məhbus problemi hələ də həll olunmayıb. Eyni zamanda, məhkəmə-hüquq islahatlarına ehtiyac var. Bu proseslərin Avropa standartlarına uyğunlaşdırılması üçün siyasi motivlərlə həbslər dayandırılmalıdır, ölkədə qanunun aliliyini təmin etmək üçün məhkəmə-hüquq islahatları aparılmalıdır. Hesabatda deyildiyi kimi, siyasi azadlıqların müdafiəsi yönündə, xüsusilə də söz və mətbuat, birləşmə azadlığı ilə bağlı problemlər qalır və onların həlli yönündə Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir”.

AŞPA-nin qış sessiyasi yanvarın 25-də işinə başlayıb.(Meydan.Tv)