AŞPA-da Azərbaycanla bağlı həyəcan siqnalı
12-10-2023 11:45 / Bu xəbər 975 dəfə oxundu
Azərbaycandakı siyasi məhbuslar mövzusunda dinləmələr
Oktyabrın 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində "Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti” mövzusunda dinləmələr keçirilib.
Dinləmələr Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir sıra assambleya üzvləri ilə birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə məlumatı "Turan" yayıb.
Qubad İbadoğlunun işi barədə məlumat verən İbad Bayramov atasına qarşı ittihamların uydurma olduğunu, istintaq prosesinə cəlb edilən şahidlərin saxta məlumatlar verdiyini deyib.
İbad Bayramov həmçinin atasının səhhətinin sürətlə pisləşdiyini, onun həbsxanada zəruri tibbi yardımı ala bilmədiyini, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı nümayəndələrinin İbadoğlu ilə görüşünə imkan verilmədiyini qeyd edib.
"Saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Azərbaycanda hazırda 200-dən çox siyasi məhbus var. Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, - İbad Bayramov belə deyib.
Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus bildirib ki, Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, siyasi məhbus problemi, siyasi motivli həbslər dayanmır.
"Avropa Şurasının nizamnaməsi ölkələrin səmimi və effektiv şəkildə əməkdaşlıq etməli olduğunu göstərir. Ancaq hələ də insanların uydurma ittihamlarla həbs edildiyini, tənqidi səslərin boğulduğunu görürük. "Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib. "Siyasi partiyalar haqqında" yeni qanun isə siyasi partiyaların fəaliyyətini mümkünsüz edib. Buna baxmayaraq, həyacan siqnalı hələ də çalınmır”, - deyə Gerald Knaus fikrini bitirib.
AŞPA deputatları Piter Omçiqt, Ceremi Korbin və digər çıxışçılar Avropa Şurası orqanlarını Azərbaycanda siyasi məhbus problemi və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı daha effektiv addımlar atmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə Qubad İbadoğluna lazımi tibbi yardımı təmin etməyə, onun dərhal azad edilməsi üçün zəruri addımları atmağa çağırılıb.
London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
ADR sədri öncə dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.
Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.
Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq oktyabrın 4-də siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfərin adı daxil olunub.
Yenilənmiş siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.












