AŞPA İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinə çağırış etdi

AŞPA İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinə çağırış etdi

15-10-2017 12:15 / Bu xəbər 1756 dəfə oxundu

Büro hesab edir ki, iş tədbir görülməsi üçün Nazirlər Kabinetinə göndərilməlidir

Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) Azərbaycanın İlqar Məmmədovun işi üzrə məhkəmənin qərarını yerinə yetirib-yetirmədiyi məsələsi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb.

Bu barədə Büronun AŞPA saytında yerləşdirilmiş məlumatında deyilir.

Qeyd olunur ki, Azərbaycan İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmir. Bu səbəbdən Assambleya Bürosu Avropa İnsan Hüquqları Məhkəməsini mümkün qədər tez Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş proseduru tətbiq etməyə çağırır.

Konvensiyanın 46-cı maddəsinə görə, Nazirlər Komitəsi hesab edərsə ki, ölkə işlə bağlı yekun qərarı yerinə yetirməkdən imtina edir və məhkəmə də pozuntunu təsdiq edirsə, iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir.

Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

ReAl Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ildə həbs edilib. O, həmin ilin 23-24 yanvarında İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Sakitlik bərpa edildikdən sonra İsmayıllıya getməsinə baxmayaraq, Məmmədov kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham edilib və 7 il müddətinə azadlıqdan məhrum olunub. Onunla birgə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da həbs edilib. O, 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunub.

2014-cü ilin mayında AİHM İlqar Məmmədovun həbsinin və həbsxanada saxlanmasının Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrini pozduğuna qərar verib. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.

AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq. ("Turan” İA)

Azərbaycan rəsmiləri İlqar Məmmədovu siyasi məhbus hesab etmir və bu tələbi qərəzli adlandırırlar.