AŞPA payız sessiyasında Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmağa hazırlaşır

AŞPA payız sessiyasında Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmağa hazırlaşır

14-09-2024 01:29 / Bu xəbər 797 dəfə oxundu

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə Azərbaycanda insan hüquqlarının vəziyyəti məsələsinin salındığı bildirilir.

Sessiyanın ilk günü, sentyabrın 30-dakı gündəliyə "”Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” təcili prosedur debatı” daxil edilib.

Sentyabrın 13-də Avropa Şurasındakı mənbələrinə istinadən məlumat yayan "Turan” yazır ki, əgər gündəlik təsdiqlənsə, oktyabrın 3-də mövzu üzrə müzakirələr başlayacaq: "Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək”.

Həmçinin sessiyada Vatslav Havel Mükafatının da təqdim ediləcəyi gözlənilir. 

Mükafata 3 namizəddən biri həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.

Azərbaycan-AŞPA münasibətlərində gərginliyin yeni mərhələsi rəsmi Bakının bu ilin yanvarında ölkənin nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasının lehinə səs vermiş deputatların ölkəyə gəlməsinə qadağa tətbiq etməsindən sonra baş verib.

Sentyabrın 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev İtaliyada demişdi ki, Azərbaycan təşkilata qayıdandan sonra AŞPA üzvlərinə qoyulan qadağa ləğv ediləcək.

Prezident İlham Əliyevin fikrincə, bu ilin yanvarında AŞPA "qırmızı xətt”i keçib: "Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.

"Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin "persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, – deyə Prezident əlavə edib.

Ardınca, sentyabrın 10-da Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Bakını Avropa Şurasını "şantaj etməyə” deyil, bu təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə çağırdı.

Özünün "X” səhifəsində yazan Frank Şvabe "Azərbaycan Prezidentinə kim məsləhət verir?” – deyə sual edərək bildirmişdi ki, Avropa Şurası Parlament Assambleyasını, şübhəsiz ki, şantaj etmək olmaz: "Şərtlər aydındır. Azərbaycan Parlament Assambleyasının bütün qaydalarına hər hansı bir şərt qoymadan əməl etməlidir. Siyasi məhbuslar azad edilməli, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir və təbii ki, giriş qadağası olmamalıdır”.

Niderlandda mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunus Meydan TV-yə deyib ki, gündəlikdən xəbəri var: "Mən Frank Şvabe ilə əlaqə saxlayıram, ona sessiyada ölkəmizdəki vəziyyətlə bağlı dinləmələrin keçirilməsini təklif etmişəm”.

Leyla Yunus düşünmür ki, İlham Əliyevin AŞPA-ya qoyduğu şərt qəbul edilsin: "Əslində, Əliyevin səsləndirdiyi fikirlər daxili auditoriya üçündür və heç bir şərt yoxdur. Azərbaycan hökuməti Ukrayna, İtaliya və digər ölkələrin deputatlardan xahiş edir ki, yanvarda Azərbaycanı AŞPA-ya qayıtmağa dəstək versinlər”.

Hüquq müdafiəçisi AŞPA-da gözlənilən sessiya üçün yeni siyasi məhbuslar siyahısını hazırladığını bildirib.

Leyla Yunus Avropa Parlamentində də Azərbaycanla bağlı müzakirələrin keçiriləcəyini qeyd edib: "Bununla bağlı da hazırlıq işləri aparılır, ardınca çox güman ki, ABŞ Konqresində dinləmələr olacaq. Bu cür repressiv siyasətin sonu sanksiyalara aparır”.

Onun həmkarı, Beynəlxalq Helsinki Assambleyasının Azərbaycan üzrə nümayəndəsi Arzu Abdullayeva sessiyada Azərbaycana qarşı qətnamə qəbul ediləcəyini gözləyir: "Ölkədə repressiyalar dayanmır, həbslər davam edir. Buna reaksiya olmalıdır, çünki Azərbaycan hələ Avropa Şurasının üzvüdür”.

Arzu Abdullayeva deyir ki, "bu cür həbslər kimə lazımdır” sualı üzərində çox düşünür: "Müharibə bitib, Prezidentin reytinqi yüksəkdir, populyardır, bunları saxlamaq üçün insanların, xüsusən aşağı təbəqənin sosial rifahı yaxşılaşdırılmalı, insan hüquqlarına münasibət dəyişməlidir. Bəs kimə lazımdır həbslər, Avropa Şurası ilə münasibətləri gərginləşdirmək, bilmirəm. Azərbaycan qanunvericiliyində təqsirsizlik prezumpsiyası var, niyə insanları araşdırmadan həbs edirlər, suallar çoxdur, lakin cavabları tapa bilmirəm. Məncə, daxildən sabotaj gedir, bütün bunlar ölkənin imicinə, həmçinin, dövlət başçısının əleyhinə işləyir”.

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında "Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.(Meydan TV)