Astara sakinləri: “Kənd məktəblərinin təmiri yarımçıq qalıb”

Astara sakinləri: “Kənd məktəblərinin təmiri yarımçıq qalıb”

19-09-2022 13:05 / Bu xəbər 1254 dəfə oxundu

"Dağıdıb tökdülər, möhkəm dam örtüyü keyfiyyətsizi ilə əvəz olundu”

"Tədris ili başlayıb, ancaq məktəblərin çoxunda hələ də təmir işləri yarımçıqdır. Bir neçə ay əvvəl başları sökdükləri dam örtüklərini naməlum istiqamətə daşımağa qarışdı, dam örtüklərini gec düzəltdilər, yağış sinif otaqlarının içərisinə yağdı. Normal vəziyyətdə olan məktəblər də bədbar günə qaldı, hələ də tam düzəldilməyib”.

Astaranın bir qrup sakini Meydan TV-yə ünvanladıqları şikayətdə belə deyir. 

Onlar danışırlar ki, bu ilin aprelində Təhsil Nazirliyindən rayonun kəndlərindəki səkkiz məktəbin dam örtüyünün yenilənməsiylə bağlı göstəriş verilib. 

Yeni tikilmiş dörd məktəbin və köhnədən fəaliyyət götərən daha dörd məktəbin dam örtüyü sökülüb. 

Sökülmüş dam örtükləri vaxtında yeniləri ilə əvəz olunmadığına görə, aprel-may aylarında yağan leysan yağışlar məktəblərin yuxarı mərtəbələrini tamamilə bərbad vəziyyətə salıb. 

Siniflərdəki stol-stul və mebellər, kompüterlər, dərs vəsaitləri yağış sularının altında qalıb. 

Mayın sonlarında dam örtükləri düzəldilsə də, keyfiyyətsiz olduğundan əvvəlki qəzalı dam örtüyündən fərqlənməyib.

Söhbət Şahağacı kəndindəki 1 saylı, Pensər kəndindəki 2 saylı, Astaradakı 3 saylı, Şiyəkəran kəndindəki 2 saylı məktəblərdən gedir.

"Rinə və Deqədi kənd məktəblərinin də dam örtükləri sökülmüşdü. Məktəblərin təmirə ehtiyacı yox idi, məsələn, Rinə kəndindəki məktəb yeni tikilmiş məktələrdən idi”, – şikayətçilər deyib.

Şiyəkəran kənd sakinləri isə deyir, kənddəki məktəbdə yarımçıq qalmış təmirlə bağlı heç bir iş görülmür: "Səkkiz məktəbin dam örtüyünü eyni vaxtda sökdülər. Bizim məktəb də içərisində. Sonra da gözlədilər ki, material verilsin. Bir aydan sonra tələsik örtməyə başladılar. Söküntü ilə yeni örtüyün vurulması bir ay çəkdi və sinif otaqları yağış altında qaldı. Nəticədə keyfiyyətsiz iş qoydular ortaya. İndi yağış yağanda sinif otaqları suya qərq olur. Partalar, digər mebellər, dərs ləvazimatları, elektronika vasitələri, divarlardakı elektrik xətləri sıradan çıxıb. İdman zalının üstü isə hələ də açıq qalıb”.

Şikayətçilərin sözlərinə görə, məktəbin dam örtüyünün təmirinə ümumiyyətlə ehtiyac olmayıb: "Kəndimizdəki məktəbin dam örtüyü "nejavika” materialından və metal konstruksiyalı, möhkəm idi. Sökülməmişdən əvvəl Yanğından Mühafizə İdarəsinin göstərişi ilə dam örtüyü içəri tərəfdən bütövlükdə taxta və şiferlərlə birlikdə əhənglənmişdi. Dəyişdirilməsinə ehtiyac yox idi. Dağıdıb tökdülər, xeyli də fəhlə gətirib işlətdilər, minlərlə manat pul sildilər. Nəticədə möhkəm dam örtüyü keyfiyyətsizi ilə əvəz olundu. Eləcə də digər məktəblərin dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi. Məktəblərin bəziləri yeni tikilib, bəzilərinin dam örtükləri yeni dəyişdirilmişdi”.

Meydan TV sakinlərin iddia və narahatlığına münasibət öyrənmək üçün Astara Rayon İcra Hakimiyyətiylə əlaqə saxlayıb. 

Qurumdan Lənkəran-Astara Regional Təhsil İdarəsiylə əlaqə saxlamağı məsləhət görüblər. 

Müxbir idarənin müdiri Elxan Nəcəfovla əlaqə saxlamağa çalışıb. 

O, müxbirin zənglərinə və "Whatsapp” üzərindən yazdığı ismarıclara cavab verməyib. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da eyni cür davranıb. 

Meydan TV əməkdaşının zənglərinə, xəttə olduğu halda "Whatsapp” üzərindən yazdığı ismarıclara cavab verməyib.