Ata Abdullayev müsavatçı namizədi təxribata çəkməyə çalışıb

Ata Abdullayev müsavatçı namizədi təxribata çəkməyə çalışıb

09-02-2020 14:33 / Bu xəbər 1419 dəfə oxundu

23 saylı Nəsimi-Səbail seçki dairəsində Müsavat Partiyasının namizədi Zakir İsmayıl bu dairədən namizəd olan YAP-çı Ata Abdullayev tərəfindən təzyiqə məruz qalıb. 

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Məlumata görə, insident dairənin 22 saylı məntəqəsində baş verib.

"Mənim yanımda müşahidəçilərin üstünə hücum çəkdi, qışqırmağa başladı. Mənə dedi 60 yaşın var, utanmırsan. Məqsədi məni təxribata çəkmək idi”, – deyə Zakir İsmayıl bildirib. İnsidentə görə seçki məntəqəsinə polis çağırılıb.

Seçki məntəqəsindən kənarda səs verilib

13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 6 saylı məntəqəsində Mərdəkan ərazisində Mənzil İstismar Sahəsinin müdiri Əlövsət Rzayev bülletenləri seçki məntəqəsindən kənara çıxardaraq, öz işçilərinə səs verdirir.

Həmin dairənin 10 saylı seçki məntəqəsində YAP-ın deputatlığa namizədi Rauf Əliyevin köməkçisi olmuş Əfrasiyab müəllim və məntəqənin yerləşdiyi məktəbdə direktor müavini işləyən həyat yoldaşı ilə birgə müşahidəçilərə təzyiq edir.

Həmin dairənin 4 saylı məntəqsində seçki komissiyasının Sadıx adlı üzvü seçkiyə gəlməyib. Onu YAP-dan olan müşahidəçi əvəz edib.

Yasamalda səsvermə dayandırılıb, polis məntəqəyə çağırılıb

15 saylı Yasamal birinci seçki dairəsinin 9-cu məntəqəsində seçki prosesi dayandırılıb. Məntəqəyə polis çağırılıb. Dairə Seçki Komissiyasının üzvləri məntəqəyə gəliblər. Hadisənin iki namizədin tərəfdarı arasında olan münaqişəyə görə baş verdiyi bildirilir. DSK üzvləri seçki məntəqəsində olan müşahidəçilərin kimisə döyməsi haqda akt yazıblar. 

Seçki məntəqəsində olan Arif Hacılının səlahiyyətli nümayəndəsi Fəridə Ələsgərli, müşahidəçilərə qarşı ittihamların əsassız olduğunu bildirib.

Xətaidə "karusel” fırlanır

33 saylı Xətai seçki dairəsində seçici qrupları müxtəlif məntəqələrdə səs verirlər.
 
Bu haqda Müsavat Partiyasının deputatlığa namizədi Nüşabə Sadıxlı məlumat yayıb. 

Komisiya sədri müxalifətçini davaya çağırır

29 saylı Səbail seçki dairəsinin 19 saylı məntəqəsində məntəqə seçki komissiyasının sədri Məmmədov Eldar İsa oğlu məşvərətçi səs hüquqlu komissiya üzvü Elbəy Əlizadəni məntəqədən kənara davaya çağırır. Bu haqda həmin dairədən Müsavat Partiyasının deputatlığa namizədi Fərəc Kərimli məlumat verib.

"Hazırda onu hədələyir ki, "gəl səni başa salacam", – deyə Fərəc Kərimli bildirib. 

Bildirilir ki, 19 saylı məntəqədə olan iki seçki qutusundan biri şəffaf deyil. Seçki Məcəlləsinə görə səsvermə qutuları şəffaf olmalıdır.