Ata Abdullayev: "Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur"

Ata Abdullayev:

08-10-2021 19:29 / Bu xəbər 807 dəfə oxundu

"Mən cənab prezidentlə nəfəs alan adamam"

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımları və qalmaqallarla tanınan vloger Ata Abdullayevin məhkəməsi başlayıb. 

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baxılır.

Oktyabrın 8-də məhkəmənin hazırlıq iclasında Ata Abdullayevin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah olunub.

Ata Abdullayevin vəkili onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Məhkəmədə Ata Abdullayev çıxış edib. 

O, çıxışına minnətdarlıq etməklə başlayıb: "Allah prezidentimizi, vitse-prezidentimizi qorusun. Mən DTX-nın rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyevaya minnətdaram. Mən o adamlardan deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Şükürlər olsun ki, dəmir yumruq zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur. Mən bu yeddi ayda günahımın nədən ibarət olduğunu bilirəm. Amma o ittihamda yazılanlar olmayıb.

Allah mənə qismət edib, Vyanada "dəmir yumruğu” şəxsən öpmüşəm. Mən cənab prezidentlə nəfəs alan adamam. İttihamda yazılanları etməmişəm. Amma niyə həbs olunduğumu başa düşmüşəm. Bu 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla nəsə yazdıran olub. And olsun Allaha, mən günahsızam, məsumam...”

Ata Abdullayevin işi üzrə məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. 

Onun işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.

Ata Abdullayevin adları çəkilən şəxsləri onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, bunu etməmək üçün onlardan pul tələb etdiyi iddia olunur.

Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. 

O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.(Meydan TV)