Ata quşun intiharı…

Ata quşun intiharı…

11-05-2020 14:40 / Bu xəbər 1743 dəfə oxundu

İspaniyada yaşadığımız zamanlardan quş saxlayırdıq…

Bir gün mən işdə olanda dimdiyi ilə qəfəsi açıb uçub getmişdi…Günlərlə o boşluğu yaşayıb çox üzülmüşdük…

Bakıya qayıtdıqdan sonra oğlumun arzusuyla ona ad günü hədiyyəsi olaraq yenidən bir cüt, rəngli,gözəl tutuquşu aldıq.

Yeddi ildir sanki qayğılarım az imiş kimi bunların da hər qayğısına qalır,nazını çəkirdim,əzizləyirdim,hər xırda problemini görən kimi zoo mağazaya girib məsləhət alıb,vitaminlərinə qədər verirdim.

Bir ay bundan qabaq dişi quşumuz yumurta qoydu.O gün sevincimizin həddi-hüdudu yox idi…Oğlumun sevinci isə hamidan çox idi,hətta zarafatla "bu quşları mənə almısınız ,mən baba sayılıram,baba olacam” deyəndə gözümüz yaşarana qədər gülmüşdük.

Xəyallar qurmuşdum, qəfəsi böyüdəcəkdim. 

Quşun yumurtasının birini yuvadan çıxarıb qəfəsin içinə atdığını görüb həyəcanla özümü zoo mağazaya çatdırdım. "O yumurta lax çıxıb,quşlar ondan bala çıxmayacağını görüb atıblar”deyəndə təəccübümü gizlədə bilmədim.

Günlər keçirdi, gün sayırdıq,yuvadan bala quşların səsinin gələcəyini gözləyirdik.

Amma yumurtalardan bala çıxmadi.Nə demişdilersə etməmizə rəğmən…Yuvaya bir ay ərzində bir dəfə də olsun baxmadıq (Hətta sonralar da baxmırdıq ki,bəlkə son bir ümiddir, möcüzə olar). 

Son bir həftədə erkək quşun aqresiyası artmışdı, dişi quşu qəfəsdə elə haray-həşir qoparıb dimdikləməyı başlamışdı ki, quşun bədənində tük belə qalmamışdı. Onu döyə-döyə yuvaya qovurdu.Sanki inana bilmirdi ki, yuva boş qalıb.Çünki, bir aydır o,yuvaya dimdiyində yem daşıyır,yuvanın ağzında keşik çəkirdi…

Kiçik bir səsdən qorxurdu ki,zərər yetirilər ailəsinə. Dişi quş qorxudan tir-tir əsirdi və ac- susuz yuvaya həbs olunmuşdu. Qəfəsə boylananda yuvadan qorxa-qorxa başını çıxarıb sanki məndən imdad diləyirdi…

Biz ailə olaraq səfərbər olub yenə bu işdən anlayanlara müraciət etdikdə ,erkək quşun depresiyada olduğunu,onları bir neçə günlük yan-yana ,ayrı qəfəsdə saxlamaq lazım olduğunu dedilər.

Öncə onları ayırmağa ürəyim gəlmədi,sabahı gün isə mən işdə olarkən oğlumun təlaşla zəng edib erkək quşun yenə dişi quşu qanına qəltan elədiyini,hətta başından qan axdığını eşidib işdən icazə alıb üstümdəki son pulu da yeni qəfəsə verib evə getdim,onları ayırdıq.

İki gün idi ki, hər ikisi susub oturmuşdu.Dimdiyini hirslə qəfəsə çırpan erkək quş sakitcə yemdən yeyir,səsini kəsmişdi...
Dişi quş yavas-yavas qorxa-qorxa olsa da, yuvadan çıxıb yem yeməyə başlamışdı.

Bu gün səhər yuxudan oyananda da hərəsi qəfəsdə öz yelləncəyində oturub baxırdılar.
Içəri otağa keçər-keçməz qardaşımin "erkək quş öldü” sözünə inana bilmədim.

Bir neçə dəqiqə ərzində baş verənlər doğrudan da inandırıcı deyildi.

Otağa keçib gördüklərimdən çox sarsıldım.Az öncə qəfəsdən asdığımız yelləncəyində susqun-susqun yellənən erkək quş ölmüşdü…Yəqin ki, ürəyi partlamışdı…
Bəlkə də mənə güləcəksiniz…Amma təbiətdə nə varsa,içi biz qarışıq hamısı eynidir, vallah. Sanki bir insan taleyinə bənzəyirdi bu yaşananlar…
O yuvadan geri qalan bir xəstə ana quş və biri qırıq,bir də bala çıxmayan yumurtalar idi…

Fırtına sabahı görünən xarabalığa,viran qalmış bir yurda bənzəyirdi o kiçik quş qəfəsi…

İşə gedərkən yolboyu ağladım,ixtiyarsiz olaraq göz yaşlarım axdı,axdı…Gecəboyu özümü narahat hiss etməyimin səbəbi də bu imiş,hisslərim məni heç yanıltmırmış düşündüm…

Uşaqların dərsdən gəlib psixoloji olaraq sarsılmaması üçün anamla,qardaşıma quşun onlar gələnə qədər evdən çıxarılmasını xahiş edib,əlimə eləcə çantamı alib,nə geydiyimə belə baxmadan qapını örtub evdən çıxmışdım…

Çünki bir gün var olan bir gün yoxdur,bunun bir daha canlı şahidi olmuşdum…

Sevdiklərinizi üzməyin,hətta sevmədiklərinizi də.

Onların səhvlərini müdrikliklə qarşılamağı, pisliklərini yaxşılıqla cəzalandırılmağı bacarmalıyıq…

Bu gün var olan hər şey əslində bir "yox”dur…

Kimsənin həyatında gerçək nə yaşadığını bilmirik, çünki. 
Bilmədən yarğılamayın,sevdiklərinizə da möhkəm sarılın…Üzməyin…
Bu dünya da qəfəsdir,quş qəfəsindən heç bir fərqi yoxdur, inanın…
Ömür də bir quş qədər kiçikdir…

Aysel Xanlarqızı Səfərli
 
Mənbə: Yazarbaycan