Atəşkəsin pozulduğu bildirilir

Atəşkəsin pozulduğu bildirilir

19-08-2024 12:28 / Bu xəbər 571 dəfə oxundu

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Dəmirçidam kəndindəki mövqeləri atıcı silahlardan atəşə tutulub.

Nazirlik əlavə edib ki, Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb.

Müdafiə Nazirliyi dünən də saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin Culfa rayonu istiqamətində atəşkəsi pozması haqda məlumat yaymışdı.

Ermənistan Müdafiə Nazirliyi məlumatı dezinformasiya adlandıraraq bildirib ki, bunlar həqiqətəuyğun deyil.

Həmçinin əlavə edib ki, Ermənistanın Baş nazirinin ofisi atəşkəsin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib.

Atəşkəsin pozulması haqda informasiya avqustun 15 və 16-da yayılmışdı.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir.

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.