ATƏT-in mətbuat konfransında qalmaqal – VİDEO

ATƏT-in mətbuat konfransında qalmaqal – VİDEO

12-04-2018 17:43 / Bu xəbər 4089 dəfə oxundu

Nilza de Sena bütün qiymətləndirmələri özü apardığını, çox insanları dinlədiyini söyləyib:

"Prezident Əliyevlə də görüşdüm, parlamentdə də oldum, müxtəlif fikirləri olan başqa insanlarla da görüşmüşəm, media təmsilçiləri, QHT nümayəndələri ilə də. Özüm üçün ölkə ilə bağlı mənzərəni yaratdım. Dediklərimizi təhlil edən zaman nə demək istədiyimizi başa düşəcəksiniz. Rəqabətliliyin olmamasına gəlincə, Ronaldo portuqaliyalıdır, dünyanın ən yaxşısıdır. Onun ədalətli şəkildə rəqabət aparmaq imkanı var. Demokratiyanın da müəyyən şərtləri var. Müstəqil media mövcud olmalıdır. Siz inkişafa doğru getməlisiniz. Dünyada mükəmməl ölkə yoxdur. Amma bərabər seçki olmalıdır. Bərabər səsvermə hamı üçün yaradılmalı, effektiv iştirak təmin olunmalıdır. Biz hesabatda nələrisə qeyd ediriksə, bu, faktları diqqətinizə çatdırırıq".

C.Jonker isə deyib ki, Azərbaycana hökumətin dəvətilə gəliblər. 350 müşahidəçiləri olub.

"Bəyanatda əksini tapan fikirlər bizim subyektiv fikirlərimiz deyil. Biz sadəcə, faktlara baxıb müəyyən qənaətlərə gəlirik. Rəqabətlilik mühiti, media azadlığı məsələsinə qayıtmaq istəyirəm. Rəsmi təbliğat dövründə media vaxtının 48.81 faizini dövlətin fəaliyyətinə, 27.40 faizini prezidentə həsr edib. Boykota çağıran qüvvələrlə bağlı neqativ işıqlandırma aparılıb. Bərabər mühit yaradılmayıb", – o, sözlərinə əlavə edib.

Hədiyyə barədə eşitməyiblər

Mətbuat konfransında söz alan hakimiyyətyönlü jurnalistlər müşahidə missiyasının fikirlərini "xalqın iradəsinə zidd" adlandırıblar.

"Bu fikirlər tam subyektivdir. Siz Azərbaycan əleyhinə olan qüvvələrin fikirlərini çatdırmaq üçün gəlmisiniz. Tam şəffaf, hətta Avropanın bir çox ölkələri üçün nümunə olacaq seçki keçirilib. Deyirsiz, rəqabət mühiti olmayıb. Ancaq seçkidə Sərdar Cəlaloğlu iştirak edib", – Vüqar Rəhimzadə belə deyib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevsə missiya üzvlərini özləriylə hazır hesabat gətirməkdə, antiazərbaycan qüvvələrin fikirlərini səsləndirməkdə suçlayıb: "Sizin dediyiniz ölkə sivilizasiyadan uzaq ölkədir. Azərbaycan isə hüquqi dövlətdir. Mətbuata heç bir maneə olmayıb. Beynəlxalq təşkilatlar özləri etiraf edir bunu. Biz tam sərbəst şəkildə seçkini izləmişik. Azərbaycan xalqının hissiyyatı ilə, əsəbləri ilə oynamayın".​

Araşdırmaçı jurnalist Xədicə İsmayıl müşahidəçilərdən soruşub ki, proses zamanı onlara hansısa hədiyyə söz verilibmi? "Siz seçki ilə bağlı nəticələri davam etdirəcəksinizmi? Bəzi seçki məntəqələrində kameralarının işində problemlər yaranmışdı, rəqəmlər arasında kəskin fərqlər və s. araşdırılacaqmı?", - deyə jurnalist sual edib.

V.R.Bardea sualı belə cavablandırıb: "Mən hədiyyələrlə bağlı qaydaların olduğunu bilirəm. Bunu bir zarafat kimi qəbul edirəm".

Nilza de Sena: "Hədiyyələrə gəlincə, mənə heç nə təklif olunmayıb. Səhər 8-də bizim brifinqimiz olub. Heç bir hədiyyə təklifi eşitməmişəm".

Məntəqələrin 12 faizində pozuntu

ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker-in deməsinə görə, 350 müşahidəçi onlara müxtəlif problemlər, ciddi qanun pozuntuları, şəffaflığın olmaması barədə xəbər verib. O, məntəqələrin 12 faizində pozuntu qeydə alındığını, bunun da çox pis göstərici olduğunu deyib.

"Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb", – deyən Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.

O, prezidentin seçki kampaniyasında iştirak etmədiyini, amma xarici nümayəndə heyətlərini qəbul etdiyini vurğulayıb.

"Digər namizədlər prezidenti açıq şəkildə tənqid etməyib. Seçkidə əsl rəqabət mühiti olmayıb. Dövlət orqanlarının işçiləri və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır. Jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalıb. Tənqidlərə görə onlar belə halla üzləşiblər", – Jonker bildirib.

Əsas efir vaxtı prezidentə həsr olunub

AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. 

"Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik", – deyə o, hakimiyyəti insan haqlarının durumunu yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.

***

"Televiziyaların hamısında xəbər buraxılışların əksəriyyəti hökumətin fəaliyyəti haqdadır. Hökumətin tənqidi ilə bağlı fikirlərə rast gəlinməyib. Əsas efir vaxtı prezidentə həsr olunub. Müşahidəçilərə problem yaradılmayıb", – missiya bildirir.

Ancaq seçki günü məntəqə seçki komissiyalarında məcburi prosedurlara əməl olunmadığı, məntəqələrin 12 faizində prosedurun mənfi qiymətləndirildiyi bildirilir. Belə ki, səslərin sayılması zamanı pozuntulara yol verilib, qəsdən saxtalaşdırma halları müşahidə olunub.

Xüsusi koordinator beynəlxalq müşahidə missiyasının xoş münasibət gördüyünü, əməkdaşlığı davam etdirməyə, sərbəst seçkinin keçirilməsini əngəlləyən mövcud problemlərin həllinə yardım göstərməyə hazır olduqlarını dilə gətirib.

Azadlıqlar məhdudlaşdırılıb

ATƏT-in Azərbaycanda prezident seçkilərini qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Nilza de Sena bəyanatı davam etdirərək bildirib ki, konstitusiya düzəlişlərindən sonra Azərbaycanda ilk prezident seçkisi keçirilir. Bir sıra inzibati və hüquqi qadağalar qeydə alınıb. Seçki administrasiyası yaxşı təşkil olunsa da, bütün prosedurları əhatə etməyib. 

O, DTHİB və Venesiya Komissiyasının prioritet tövsiyələrinin nəzərə alınacağına ümid etdiklərini bildirib.

Missiya MSK-nın 5.2 milyon seçicini qeydiyyata aldığını, amma rəqəmlərin dəqiqliyi ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı arasında ziddiyyət olduğunu bildirib.

ATƏT DTİHB xəbər verir ki, tələbələr, büdcə təşkilatlarının işçiləri YAP təşviqatına cəlb olunub. Missiya ölkədə mətbuat mühitinin, ifadə və söz azadlığının məhdudlaşdırıldığını bildirir.

***

AzadlıqRadiosunun əməkdaşları müşahidə missiyasına hücum çəkənlərin "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti"ndən Əliqismət Bədəlov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqalarının olduğunu bildirir.

Missiya yenidən konfrans zalına qayıdıb.

Rəqabət mühiti olmayıb

«Azərbaycanda prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə keçirilib. Plüralizm olmadığı şəraitdə həqiqi rəqabət də olmayıb. Digər namizədlər prezidentləri tənqid etməkdən çəkiniblər».

Bunu ATƏT-in seçkini müşahidə missiyası aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.

Mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru Nilza de Sena, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Viorel Bardea qatılıblar.

«Seçki administrasiyası hazırlıqlı idi. Seçki günü müşahidəçilərimiz şəffaflığın olmamasını, pozuntuların olmasını xəbər verib. Müşahidəçilərimiz topa bülleten atılmasının şahidi olub», – bu bəyanatdan sonra mətbuat konfransına gəlmiş bir neçə şəxs missiyaya hücum edib, qalmaqal yaranıb.

Missiya zalı tərk etməli olub. Ancaq tədbirin aparıcısı bildirib ki, mətbuat konfransını davam etdirmək planlaşdırılır.

"Bəyanatı eşitmək istəyən insanlar var. Ona görə davam etdirəcəyik. Əgər hansısa səbəbdən bitirə bilməsək, yazılı şəkildə bəyanatımız var", – açıqlamada deyilir.