ATƏT nümayəndəsi Xədicə İsmayıla görə çağırış edib

ATƏT nümayəndəsi Xədicə İsmayıla görə çağırış edib

24-12-2018 16:37 / Bu xəbər 1437 dəfə oxundu

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir araşdırmaçı jurnalist Xədicə İsmayılın vergi borcuna görə böyük məbləğdə cərimə ödəməsi barədə məhkəmə qərarından narahatlığını bildirib. 

Bu barədə Dezirin ofisinin yaydığı press-relizdə deyilir. 

"Xədicə İsmayılın dövlət müəssisələri tərəfindən çətinliklərlə üzləşməsinin davam etməsi narahatlıq yaradır. Onlar Xədicə İsmayılın jurnalist kimi peşə fəaliyyətinə maneçilik törədirlər. Son illər o, tənqidi reportajlarına görə çoxsaylı təqiblərə və qorxutmalara tab gətirməli olub", - Dezir bildirib.

"Mən bu praktikaya son qoyulmasına çağırıram, çünki bu, ölkədə fikrin ifadə olunması azadlığına xələl gətirir", - o vurğulayıb.

Dekabrın 21-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Vergilər Nazirliyinin iddiası əsasında X.İsmayılın"Azadlıq" radiosunun yerli bürosunun rəhbəri olduğu müddətdə nəzərdə tutulan vergini ödəmədiyinə görə 23 min avrodan çox cəriməni ödəməsi barədə qərar çıxarıb.

Bundan öncə 2017-ci ilin dekabrında ATƏT nümayəndəsi X.İsmayılın bank hesablarının dondurulması ilə bağlı narahatlığını bildirmişdi və hakimiyyəti jurnalistin bütün maliyyə imkanlarına çıxışının və məhdudiyyətsiz səfərlərini bərpa edə bilməsinin təmin olunmasına çağırmışdı.

Turan İA