ATƏT: Seçki kampaniyası solğun keçir

ATƏT: Seçki kampaniyası solğun keçir

30-01-2020 14:30 / Bu xəbər 1922 dəfə oxundu

"MSK ilə Dövlət Statistika Komitəsinin seçicilərlə bağlı rəqəmlərindən 2 milyon nəfərə qədər fərq var”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Aralıq Hesabatını yayıb.
 
Sənəd 7-24 yanvar dövründəki seçki prosesini əhatə edir.

Qeyd olunur ki, seçki dairələrinin yarısından çoxunda qeydə alınmış seçicilərin sayı orta hesabla qanunun icazə verdiyi həddən çoxdur. Təxminən 5,2 milyon qeydiyyatdan keçmiş seçici var, onlardan da 340,689 nəfəri məcburi köçkündür. Seçici siyahıları 5-15 yanvar tarixləri arasında ictimaiyyət üçün açıq idi ki, seçicilər öz məlumatlarını onlayn yoxlaya və düzəliş tələb edə bilsinlər. Seçki günü qeydiyyat, yaşayış yerini təsdiq edən sənədlə mümkündür. MSK bazasında qeydə alınmış seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin məlumatlarında səsvermə yaşı olan vətəndaşların sayı arasında təxminən 2 milyon nəfərə qədər fərq var.

Hesabatda DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı çoxsaylı tövsiyələrin hələ də nəzərə alınmadığı vurğulanır:

"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, üzərilərində olan məhkumluğun götürülməməsi və cinayət qeydlərinin aradan qaldırılması səbəbindən dörd şəxsin namizəd kimi qeydiyyatına imtina edilib. Qeydə alınan 1637 namizədin 83 faizi özü tərəfindən namizədliyi irəli sürülüb. 19 siyasi partiya toplam 272 namizəd irəli sürüb. Son parlamentin cəmi 80 üzvü (64 faiz) yenidən seçilmək istəyir. Qeydiyyata alınmış namizədlərin 21 faizini qadınlar təşkil edir. 24 yanvar tarixinə qeydə alınmış namizədlərdən 239 nəfəri seçki yarışından imtina edib”.

Hesabatda yanvarın 17-də başlanan seçki kampaniyasının "solğun keçdiyi” bildirilib. Sənəddə xatırladılıb ki, namizədlər, MSK tərəfindən əvvəlcədən seçilmiş 136 qapalı və 136 açıq yerlərdə təşviqat tədbirləri təşkil edə bilərlər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası
Mənbə: Foto: Meydan tv

"Tədbirin MSK tərəfindən təyin olunmamış məkanda keçirilməsi "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənir və beş günlük bildiriş müddəti tələb edir. Konstitusiya, ifadə azadlığına, məlumat əldə etmək hüququna zəmanət verməsinə və senzuranı qadağan etməsinə baxmayaraq, bu hüquqlar müxtəlif qanunlarla ciddi şəkildə məhdudlaşdırılır. Televiziyanın hələ də ölkə daxilində ən əlçatan mətbuat vasitəsi olmasına baxmayraq, onun əsasən əyləncə, sosial media platformalarının isə alternativ siyasi məlumat mənbəyi kimi istifadə olunur”.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Növbədənkənar parlament seçkilərində ən çox namizəd hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, 123 nəfər. Müsavat Partiyası üzvləri 60 dairədən 64 namizədlə seçkiyə qatılıblar, onlardan 28 nəfər partiya xətti ilə, digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. 

"ReAL Cümhuriyyətçilər İttifaqı” 31 namizədlə seçkilərə qatılır. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı. "Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16 nəfərin namizədliyi qeydə alındı. 30 nəfər Demokrat Partiyasından namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. 

Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, onlardan 21 nəfəri qeydə alındı. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyasının irəli sürdüyü 16 nəfərdən 9 nəfər qeydiyyata alınıb.
 
Meydan.Tv