ATİŞ Ruslan Vahabovun həbsi ilə bağlı bəyanat yaydı
27-09-2023 00:34 / Bu xəbər 1178 dəfə oxundu
Şura ictimai fəalın dərhal azad olunmasını tələb edir
Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Ruslan Adil oğlu Vahabovun həbs olunması ilə bağlı bəyanat yayıb.
İctimai fəal Ruslan Vahabovun sentyabrın 22-də saxlanıldığı bildirilir.
Yaxınları hesab edir ki, narkotik ittihamı ilə saxlanılan fəal əslində sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı paylaşımlara görə cəzalandırılır.
O saxlanılmazdan 4 gün öncə yazıb: "İnşallah, səhər "Xankəndi Azərbaycandır” sədaları ilə açılsın”. İki gün öncə isə belə bir status paylaşmışdı: "Sual: nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndində "Bravo” tezliklə tikiləcək, yoxsa yox?”.
Onun barəsində istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bəyanatda vurğulanır ki, ATİŞ üzvü olan Ruslan Vahabov sosial şəbəkələr üzərində Azərbaycan hakimiyyətinin ayrı-ayrı idarəetmə institutlarının fəaliyyətini gündəlik tənqid edirdi: "Eyni zamanda o, mənsub olduğu talış etnosunun konstitusion milli-mədəni özünüifadə haqlarının təminatını tələb edirdi. İctimai fəallığa görə o, əvvəllər bir neçə dəfə polis tərəfindən şifahi xəbərdarlıqlara məruz qalıb”.
"Ruslan Vahabovun narkotika aludəçisi olması və onun narkotik maddə alış-verişi ilə məşğul olması ittihamı açıq formada atılan bir şərdir. ATİŞ hesab edir ki, Ruslan Vahabovun həbs olunması onun baş verən qanunsuzluqlara qarşı sərgilədiyi obyektiv, ədalətli və cəsarətli vətəndaş mövqeyi ilə bağlıdır. Ona qarşı rəsmiləşdirilən növbətçi "narkotika” ittihamının onun ictimai fəaliyyətinə görə olduğu şübhə doğurmur”? – bəyanatda qeyd edilir.
Bəyanat müəllifləri "ölkənin indiki həssas siyasi burulğanlar dövründə hüquq-mühafizə orqanlarının vətəndaş cəmiyyətinin fəal nümayındələrinə qarşı apardığı bu həbs ovunu qətiyyətlə pisləyirik”, - deyə sənədə əlavə ediblər.
"Düşünürük ki, bu formada saxtalaşdırılan həbs əməliyyatları ölkəmizdə ədalətli, demokratik, sivil, bərabərhüquqlu vətəndaş cəmiyyətinin qurulması əleyhinə yönəlmiş təxribat əməlidir!”, – ATİŞ üzvləri vurğulayır.
Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyəti adından yayılmış bəyanatda Ruslan Vahabova azadlıq tələb olunur.