''Atletlər kəndi''ndə avtobus vurmuş idmançıya 500 min kompensasiya ödənilib

''Atletlər kəndi''ndə avtobus vurmuş idmançıya 500 min kompensasiya ödənilib

23-05-2018 19:08 / Bu xəbər 2006 dəfə oxundu

Mehriban Əliyeva Şahinoviçə yüksək məbləğdə kompensasiya ödənəlicəyi barədə söz veribmiş

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı "Atletlər kəndi”ndə avtobusun vurması nəticəsində əlil olan avstriyalı idmançı Vanessa Şahinoviç 500 min avro məbləğində kompensasiya alıb.

Avstriyanın "Kronen Zeitung” saytının yaydığı məlumata görə, 18 yaşlı idmançıya ombudsman Hünter Kroyter (Günther Kräuter) və idman naziri Xayns Kristian Ştraxe (Heinz-Christian Strache) kömək ediblər. İdman naziri bu ilin yanvarında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla görüşüb və işə yeni impuls verib. Tezliklə razılaşma əldə olunub və keçən həftənin sonunda 500 min avro Vanessanın hesabına daxil olub. Sayt yazır ki, qəza baş verəndən həmən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şahinoviçə yüksək məbləğdə kompensasiya ödənəlicəyi barədə söz veribmiş.

"Bu onun ailəsi üçün, Avstriyanın Olimpiya Komitəsindən və bu ölkənin Üzgüçülük Federasiyasından alınan ödəmələrə əhəmiyyətli əlavədir", - sayt yazır.

İdmançının anası Azra Şahinoviç deyib ki, onlar əvvəlcə daha böyük kömək gözləyiblər: "Amma mən Bakının və sığorta şirkətinin, nəhayət, bizə ödəniş etmələrinə köməklik göstərdiklərinə görə hamıya minnətdaram. Vanessanın müalicəsi üçün bizə pul çox lazımdır".

Vanessa Şahinoviç isə yalnız sərbəst gəzmək arzusunda olduğunu bildirib.

V.Şahinoviç və Avstriyanın sinxron üzgüçülük komandasını təmsil edən digər iki idmançı "Atletlər kəndi” ərazisində avtobusun vurması nəticəsində xəsarət alıblar.

Qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsi üçün tədbirlər görüb. Hakimiyyət idmançının Vyanaya çatdırılması üçün xüsusi təyyarə ayırıb və onun müalicə xərcləri təmin olunub. V.Şahinoviç Bosniya mühacir ailəsindəndir.

Səfir Qalib İsrafilov "Fotbol+” qəzetinə verdiyi açıqlamada faciədən sonra idmançının valideynlərinə bir milyon avro kompensasiya təklif olunduğunu, amma onların imtina etdiklərini bildirmişdi.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin şöbə rəisi Hüseyn Salamov və "Təhlükəsiz şəhər" xidmətinin operatoru Elçin Həsənov saxlanılıblar. H.Salamov və V.Əhmədov 3 il, E.Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum olunublar. Onlardan başqa, Avtomobil Nəqliyyatı Dövlət Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da 3 il müddətinə şərti cəzaya məhkum edilib.///meydan.tv