ATV-nin keçmiş prezidentinə qarşı 1 milyondan çox təzminat tələbi

ATV-nin keçmiş prezidentinə qarşı 1 milyondan çox təzminat tələbi

04-10-2024 00:41 / Bu xəbər 689 dəfə oxundu

Hadisə ilə bağlı 44 zərərçəkən var

Bakının Binəqədi rayonu, 7-ci mikrorayonda 2024-cü il ilin yanvarında 10 nəfərin ölümü, 23 nəfərin yaralanmasıyla nəticələnən partlayış və yanğınla bağlı məhkəmə araşdırmaları davam edir. 

Bu hadisəyə görə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onlardan biri hadisənin baş verdiyi obyektin – "Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı Tağı İbrahimov, digəri isə müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevdir.

1962-ci il təvəllüdlü Tağı İbrahimov uzun illər "Azad Azərbaycan” telekanalının prezidenti olub. 

O həmçinin Bakıda hündürmərtəbəli yaşayış binaları və başqa obyektlərin tikintisi ilə də məşğul olurdu.

Tağı İbrahimov və Toğrul Rzayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Tağı İbrahimov yanvarda həbs olunanda ona qarşı səhlənkarlıq ittihamı irəli sürülsə də, istintaqın yekununda ittiham dəyişib. 

Ona Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə ittiham verilib.

1992-ci il təvəllüdlü Toğrul Rzayevə qarşı isə yalnız Cinayət Məcəlləsinin 225-ci maddəsilə ittiham irəli sürülüb.

Bu məhkəmə prosesində 44 zərərçəkmiş var ki, onlardan 10 nəfəri hadisədə həyatını itirənlərin hüquqi varisləri, 23-ü xəsarət alan zərərçəkmişlər, biri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Cinayət işinin materiallarına əsasən, mebel sexində taxta materialların emalı zamanı yaranmış taxta tozu və kimyəvi tərkibli materialların buxar qarışığı uzun müddət təmizlənməyib. Nəticədə minimum konsentrasiya limiti aşılıb və bu üzdən partlayış baş verib.

Hadisə nəticəsində insanlarla yanaşı, təbiətə də ziyan dəydiyi ittihamda yer alıb.

Məhkəmədə ittihama münasibət bildirən Tağı İbrahimov və Toğrul Rzayev özlərini təqsirli bilmədiklərini deyiblər. 

Onlar bildiriblər ki, yağın təhlükəsizliyinə cavabdeh şəxs olmayıblar.

Vəkillər də təklif ediblər ki, təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiklərinə görə dindirmələr də onlardan başlamasın. Əvvəl zərərçəkənlər və şahidlər dindirilsin. 

Hazırda məhkəmə prosesində zərərçəkmişlər dindirilir.

Oktyabrın 3-də hakim Elmin Rüstəmovun sədrliyilə keçirilən məhkəmə prosesində paytlayış zamanı həlak olmuş Elvin Məmmədovun həyat yoldaşı Gülnaz Məmmədova ifadə verib. 

Zərərçəkmişin hüquqi varisi bildirib ki, həyat yoldaşı 2015-ci ildən sexdə kəsim aparatını işlədirdi. Hadisədən sonra onlara 5 min manat ödəniş olub: "İki övladım var. Elvin öləndən sonra ortalıqda qalmışıq”.

O, təqsirləndirilən şəxslərdən dəymiş ziyanın əvəzi kimi, mənzillə təmin olunmalarını istəyib.

Hadisə nəticəsində həlak olmuş Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova da ifadə verib. 

O bildirib ki, həyat yoldaşı "Bakı Ağac Emalı” ASC-dən icarəyə sex götürüb işlədirdi. Ona da Tağı İbrahimovun qohumları 5 min manat ödəniş edib.

Hadisə nəticəsində həlak olan dərzi Solmaz Abbasovanın oğlu Tural Həsənov deyir ki, anasının başına gələnləri öyrənəndə keçirdiyi şokun təsiri indiyədək keçməyib. Onun sözlərinə görə, həmin gün anasına zəng eləsə də, cavab verməyib. Düşünüb ki, yəqin başı qarışıqdır. Lakin axşam evə gəlməyəndə narahat olub. Bu səbəbdən iş yerinə gedib: "Ora çatanda hər şey aydın oldu. Görəndə şoka düşdüm”.

O, təqsirləndirilən şəxslərdən 69 min 800 manat təzminat tələb edib.

Zərərçəkən Fərrux Hüseynov isə hadisə nəticəsində ona maddi ziyan dəydiyini deyib. 

O bildirib ki, icarə əsasında mebel sexi işlədirdi. Əvvəl özü 10 il orada işçi kimi çalışmışdı. Sonra isə icarəyə götürüb işlətməyə başlamışdı: "Qeyri-rəsmi işlədirdim, müqavilə yox idi. Hadisə vaxtı kəsim aparatları, dəzgahlar sıradan çıxdı. 113 min ziyan dəyib mənə”.

Hadisə nəticəsində vəfat edən Adil Rüstəmovun atası Aydın Rüstəmov isə 1 milyon manat təzminat tələb edir. O bildirib ki, təqsirləndirilən tərəflə ünsiyyətdə olub, lakin onların təklifi onu qane etməyib.

Təqsirləndirilən Tağı İbrahimov deyib ki, partlayışda vəfat edən şəxslərin yaxınlarının hərəsinə 5 min manat pul verib. O, bundan sonra da nə lazımdırsa, edəcəyinə söz verib.

Məhkəmə prosesi oktyabrın 22-də davam edəcək.

Tağı İbrahimov Azərbaycanın Ukrayna, Polşa və Moldovadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. 

Onun daha bir qardaşı "Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmlidir.

Yanvarda sözügedən partlayışdan sonra İbrahim Nehrəmli mətbuata açıqlamasında qardaşının mülkiyyətində olan obyektin uzun müddətdir ki, icarə əsasında başqasının istifadəsində olduğunu bildirmişdi: "Tağı İbrahimov orada yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi”.

İbrahimovların daha bir qardaşı – Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan Sahib İbrahimov da bir neçə ildir ki, həbsdədir.(Meydan TV)