Avqustda baş verən işgəncə və hüquqpozmaların xronikası

Avqustda baş verən işgəncə və hüquqpozmaların xronikası

01-09-2022 13:31 / Bu xəbər 1264 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları ilə bağlı 2022-ci il avqust ayına dair hesabat xarakterli hüquq pozuntularının xronikasını yayıb.

Təşkilat bildirib ki, avqust ayında "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının "Facebook" sosial şəbəkəsinə qarşı kibercinayət törədilib. Belə ki, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" (izləmə sayı-30653) və Mərkəzin sədri Fikrət Cəfərliyə aid "VƏKİL Məsləhəti Fikret NCəfərli" (izləmə sayı-72678) "Facebook" səhifələri 22.08.2022 tarixində oğurlanaraq tamamilə dağıdılıb. 

Bildirilir ki, törədilmiş kibercinayətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunsa da, heç bir nəticəsi olmayıb: ""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı son dövrlər həmin səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin insanlara verdiyi işgəncə və qeyri-insani rəftarla bağlı açıqlamalar verib".

Təşkilat bəyan edib ki, ölkədə insan hüquqları və əsas azadlıqları ilə bağlı vəziyyət getdikcə pisləşir, repressiyalar daha da güclənir: "Avqust ayı ərzində "Facebook" sosial şəbəkəsində və digər sosial media, xəbər saytlarında yazılan tənqidi yazılara, statuslara görə 150-dən artıq ictimai fəal, bloger, jurnalist Baş Prokurorluğa çağrılaraq xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoymayan 3 nəfər isə Məhkəmə qaydasında inzibati həbs edilib".

Hesabatda qeyd olunur ki, ictimai fəallar əsassız olaraq polis idarə və bölmələrinə aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə saxta inzibati protokollar tərtib edilir: "Məhkəmələr vasitəsi ilə inzibati qayda da həbs edilirlər. Hüquq müdafiəçilərinin, jurnalistlərin peşə fəaliyyətlərinə maneələr yaradılır. DİN tərəfindən ictimai fəal Bəxtiyar Hacıyevə qarşı davamlı qeyri-insani rəftar daha da gərgin fazaya keçib və faktiki olaraq Bəxtiyar Hacıyevin həyatı təhlükədədir".

Sənəddə vurğulanır ki, vəkillərə qarşı hüquqpozmalar davam edir, onlara müdafiə etdikləri saxlanılan şəxslərlə görüşmələrinə müxtəlif bəhanələrlə maneələr yaradılır. Müstəqil fəaliyyət göstərən az saylı Vətəndaş Cəmiyyətinin (QHT)  təmsilçilərinə təqiblər artmaqdadır: ""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hər ay mütəmadi olaraq Ədliyyə və Daxili İşlər Nazirliklərinə müraciət etməkdə davam edir, həmin Nazirliklərin idarə və müəssisələrində insan hüquqlarına, qeyri-insanı rəftara və işgəncə hallarına dair baş çəkmələrin həyata keçirilməsinə icazə verilməsini xahiş edir, lakin qeyd olunan nazirliklər buna icazə vermir. Bununla da həmin nazirliklərin idarə və müəssisələrində saxlanılan, cəza çəkən şəxslərə verilən işgəncə halları gizlədilir".

İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair baş vermiş pozuntuların Mərkəz tərəfindən qeydə alınmış xronikası: 

03.08.2022. "Real Xeber" saytının rəhbəri Məmmədov Rafiq Tofiq oğlu fəaliyyət göstərdiyi Göyçay rayonunda döyülərək xəsarət alıb. O, döyülməsinin səbəbini peşə fəaliyyətiylə əlaqələndirib.

07.08.2022. Nizami Rayon Polis İdarəsinin saxlanc məntəqəsində saxlanılan, Almaniyadan deport olunmuş və barəsində qurama ittihamla cinayət işi açılaraq həbs edilmiş təqsirləndirilən şəxs Samir Aşurovun içkisinə (Coca-Cola ) narkotik tərkibli maddələr qataraq ondan etirafedici ifadə alınıb.

09.08.2022. AXCP üzvü Aqil Hümbətov cəza çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsində qanunsuz azadlıqdan məhrum edildiyinə görə açlıq aksiyasi keçirdir. Bu barədə onun özü CÇM-nin rəisinə, həyat yoldaşı isə Ombudsman aparatına və Qırmızı Xaç komitəsinə məlumat verib. Mərkəz olaraq bildiririk ki, Aqil Hümbətovun 10 il 6 ay müddətinə qurama ittihamla azadlıqdan məhrum edilməsi siyasi mötivlidir.

16.08.2022. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı Vətəndaş və İnkişaf  Partiyasının sədri Əli Əliyevin Apellyasiya Məhkəməsində keçirilən bütün məhkəmə proseslərinin monitorinqini aparıb. Hakim Faiq Qasımov Əli Əliyevin vəkilləri tərəfindən verilmiş vəsatətləri təmin etməmiş və Yasamal rayon Məhkəməsi tərəfindən qurama ittihamla çıxarılmış hökmü qüvvədə saxlayıb.

18.08.2022. Ağdaş sakini və hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Dadaşzadə Sadiq Natiq oğlu ona məlum olmayan cinayət işinə görə CÇM-dən Ağdaş Rayon Polis şöbəsinə gətirilərək işgəncə verilib, polis şöbəsində ondan erirafedici ifadə ala bilmədikdə onu Bakı şəhəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirərk törətmədiyi cinayəti işgəncəylə onun boynuna qoymaq istəyiblər. Bununla bağlı Sadiq Dadaşzadənin anası Yeganə Dadaşzadə Mərkəzə müraciət edərək oğlunun ağır işgəncəyə məruz qaldığını bildirib. Məsələ ilə baglı Mərkəz olaraq ölkə prezidenti İlham Əliyev cənablarına müraciət edərək işgəncə verən polis əməkdaşlarının cəzalandırılmasını xahiş edilib. Hazırda prokurorluq orqanlarında araşdırılma mərhələsindədir.

21.08.2022. Milli Şura və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə keçirilən "Quru sərhədləri açın” aksiyasında saxlanılan Müsavat Partiyasının üzvü Əziz Məmiyev  işgəncəyə, qeyri-insani rəftara məruz qalıb və barəsində saxta inzibati protokol tərtib edilərək məhkəmə qaydasında 1 ay müddətində inzibati həbs cəzası verilib. Əziz Məmiyev ona verilmiş inzibati həbs müddəti başa çatandan sonra Mərkəzə müraciət edərək ona verilmiş işgəncə faktına görə araşdırmanın aparılmasını və ona  işgəncə vermiş şəxslərin cəzalandırılmasında köməklik göstərilməsini xahiş edib. Mərkəz bununla bağlı prezidentə və baş prokurorluğa müraciət edib. İş hazırda Səbail Rayon Prokurorluğu tərəfindən araşdırılır.

22.08.2022. Müstəqil siyasətçi Bəxtiyar Hacıyevə zor tətbiq edilməklə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, orda onun telefonu əlindən alnaraq facebook sosial şəbəkəsində yazdığı tənqidi statuslar polis əməkdaşları tərəfindən silinib. 

24.08.2022. AXCP fəalı Gülnrə Rəhimova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis nəfəri Seymur İmanov  tərəfindən Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsində iddia qaldırıb və xanım ictimai fəalı həbs etdirmək istəyir. Məhkəmə hazırlıq iclası 30 avqust saat 15:15-ə təxirə salınıb.

30.08.2022. Bakı Birlik Təşkilatının sədri, KİM TV internet kanalının jurnalisti Abid Qafarovun Yasamal rayon Məhkəməsinin çıxartdığı 13.06.2022-ci il tarixli qanunsuz hökmdən verdiyi apellyasiya şikayətinə Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə növbəti və formal xarakter daşıyan məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində Abid Qafarovun vəkilləri Elçin Sadıqov və Aqil Layıc tərəfindən müdafiə etdikləri təqsirləndirilən şəxsin günahsız olması ilə bağlı verilmiş 5 vəsatət təmin edilməmiş, qaldırılmış dəlillərə Məhkəmə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlayıb. 

30.08.2022. AXCP fəalı Gülnarə Rəhimovaya qarşı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Seymur İmanov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı Xətai Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili vəsatət verərək müdafiə etdiyi şəxslə bağlı verilmiş şikayətlə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə vəkilin vəsatətini təmin edərək iş üzrə növbəti məhkəmə prosesini sentyabr ayının 5-ə saat 15:15 təyin edib. 

31.08.2022. Almaniyadan deport olunmuş və bir müddət sonra qurama ittihamla həbs olunmuş, ictimai fəal Samir Aşurovun Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq məhkəmə prosesi keçirilib. Samir Aşurovun vəkili Elçin Sadıqovun verdiyi vəsatətlər təmin olunmadı və növbəti məhkəmə prosesi 14 sentyabr saat 16:30 təyin edilib.