Avropa Birliyi Belarusdan mal idxalına "sərt" qadağa qoyur

Avropa Birliyi Belarusdan mal idxalına

25-05-2021 18:23 / Bu xəbər 1065 dəfə oxundu

Avropa Birliyi Minskdə baş verən təyyarə insidentinə görə Belarusdan mal idxalına sərt məhdudiyyətlər tətbiq edəcək. 

Bunu mayın 25-də Rusiyanın "Exo Moskvı" radiosuna açıqlamasında Litvanın vitse xarici işlər naziri Mantas Adomenas deyib. 

Onun sözlərinə görə, Avropa ölkələrinə çatdırılmalara tam qadağa qərarı Belarusun neft məhsullarına, gübrələrə, avtomobil və traktorlara aid edilə bilər. Əgər prezident Aleksandr Lukaşenkonun davranışlarında dəyişiklik olmasa, AB Belarusun Avropa texnologiyaların çatımlılığını da məhdudlaşdıra bilər. 

"Sanksiyalar siyahısı hələ genişlənəcək, yeni məhdudiyyətlər olacaq, istənilən ixrac malına sanksiya qoyulacaq. Biz Belarusun Şimali Koreya statusu almasını arzulamırıq", - deyə Adomenas bildirib. 

Mayın 23-də Afina-Vilnyüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. 

Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. 

Təyyarə Minsk hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər. 

Belaruslu müxalif jurnalist və bloger Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. 

Belarus onu beynəlxalq axtarışa vermiş və  "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.