Avropa Birliyi Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

Avropa Birliyi Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi

11-12-2020 15:22 / Bu xəbər 593 dəfə oxundu

Avropa Birliyinə daxil olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qərar verilib. 

Bu barədə "Frans Press" məlumat yayıb.

Məlumata görə, sammit zamanı müzakirə olunan əsas mövzulardan biri Türkiyənin Aralıq dənizindəki fəaliyyəti olub. AB liderləri Türkiyənin qanunsuz fəaliyyətinə görə sanksiyaları genişləndirməyi qərara alıblar. 

Qəbul edilən sənəddə qeyd olunub ki, AB qurumun və üzv ölkələrin maraqlarının müdafiəsinin, eləcə də regional sabitliyin qorunmasının tərəfdarıdır: "Bununla əlaqədar sammit Türkiyənin Aralıq dənizində qanunsuz fəaliyyəti səbəbindən məhdudlaşdırıcı tədbirlər haqqında 11 noyabr 2019-cu il tarixli qərar əsasında əlavə qara siyahı qəbul etməyi AB Şurasına tapşırır”.

Daha əvvəl Avropa Birliyi eyni səbəbdən Türkiyəyə qarşı sərt sanksiyaların tətbiqinə çağıran bəyannamə qəbul etmişdi.

Türkiyə Aralıq dənizinin şərqində seysmik kəşfiyyat işləri aparır. Yunanıstan hesab edir ki, Ankara onun kontinental şelfinin sərhədlərini pozur.

Aralıq dənizinin şərqində ilk ziddiyyətlər 1974-cü ildə baş verib. Həmin vaxt adanın Yunanıstana birləşdirilməsinin tərəfdarları dövlət çevrilişi etdilər. 1959-cu ildə imzalanan Sürix razılaşmasına əsasən Kipr türklərinin təhlükəsizliyinin təminatçısı olan Türkiyə adaya qoşun yeritdi və türklər yaşayan şimal hissəsində Kipr Türk Federal Dövləti yaradıldı, daha sonra Şimali Kipr Türk Cümhuriyyəti adlandırıldı. 

Adanın qalan hissəsi Kipr Respublikası hökumətinin nəzarəti altındadır. Türkiyə faydalı yataqların Kipr yunanlarının və türklərinin birgə işlətmələrini təklif edib.