Avropa Birliyi və Şərq Tərəfdaşlığı Qubad İbadoğluna azadlıq tələb edir

Avropa Birliyi və Şərq Tərəfdaşlığı Qubad İbadoğluna azadlıq tələb edir

21-09-2023 11:38 / Bu xəbər 815 dəfə oxundu

Avropa İttifaqının (Aİ) insan hüquqları üzrə xüsusi nümayəndəsi Eamon Gilmore (EU Special Representative for Human Rights) Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğluna və Bəxtiyar Hacıyevə azadlıq tələb edib.

Bu barədə Gilmore "X" (keçmiş tvitter) hesabında yazıb.

Gilmore Azərbaycanı insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Şərq Tərəfdaşlığı Vətəndaş Forumu Beynəlxalq Platforması da professor, ADR sədri Qubad İbadoğlu saxlanıldıqdan dərhal sonra onun həbsini pisləyən bəyanat yayıb.

Təşkilat Qubad İnadoğlunun məsələsini diqqətdə saxladığını deyib. 

Platforma yenidən iqtisadçı alim, vətəndaş cəmiyyəti fəalı, vətəndaş cəmiyyətinin aparıcı şəxslərindən olan Qubad İbadoğlunun dərhal azad olunmasını tələb edib. 

Həmçinin əlavə edib ki, Qubad İbadoğlunun azadlığı üçün onun müdafiəsinə qoşulacaq.

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. 

Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.