Avropa İttifaqı Bakını siyasi məhbusları azad etməyə çağırır

Avropa İttifaqı Bakını siyasi məhbusları azad etməyə çağırır

29-05-2024 15:49 / Bu xəbər 669 dəfə oxundu

Mayın 29-da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Azərbaycanda əfv sərəncamı ilə bağlı bəyanat verib.

Sənəddə vurğulanır ki, mayın 25-də Azərbaycan prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb. 

Keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib:

"Son aylar müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. 

Xüsusilə, "Abzas Media”, "Toplum” TV, "Kanal 11” və "Kanal 13” kimi müstəqil media mənsubları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb. Onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb.

Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir. 

"Bizi, xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin sağlamlıq vəziyyəti narahat edir. Biz Azərbaycan hakimiyyətini bir daha çağırırıq ki, cənab İbadoğlunun təcili ehtiyacı olan tibbi müalicəni alması üçün onun səyahət qadağasını ləğv etsin.

Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. 

COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır. Bu, həm də 2021-ci ilin dekabrında Şərq Tərəfdaşlığı sammiti bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü kimi öhdəliklərinə uyğundur.

Avropa İttifaqı Azərbaycanda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla, əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir”, - bəyanatda deyilir.