Avropa İttifaqı Rusiyaya qarşı mübarizədə yeni struktur yaradır
08-10-2024 15:22 / Bu xəbər 606 dəfə oxundu
Avropa İttifaqı və üzv dövlətlər Rusiyanın Avropa İttifaqına, onun üzv dövlətlərinə və tərəfdaşlarına qarşı hibrid fəaliyyət kampaniyasını qətiyyətlə pisləyirlər.
Bu fəaliyyət Rusiyanın düşüncəsiz və məsuliyyətsiz davranışını, qaydalara əsaslanan beynəlxalq düzənə və beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya qoyur.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin 8 oktyabr tarixli bəyanatında deyilir.
"Biz Avropa İttifaqı və onun üzv dövlətlərinə qarşı müxtəlif fəaliyyət növlərinin, o cümlədən kiberhücumların, informasiya manipulyasiyası və müdaxilə kampaniyalarının, yanğın, vandalizm və sabotaj hallarının (həmçinin bizim kritik infrastrukturumuza qarşı), miqrasiyanın instrumentallaşdırılmasının və digər pozuculuq tədbirlərinin sayının artdığını gördük.
Rusiya həmçinin peyk rabitəsini, Avropa hava məkanını pozmağa və Avropa İttifaqı ərazisindəki şəxslərə fiziki hücumlar etməyə davam edir.
Bu zərərli hərəkətlər bizim cəmiyyəti bölmək, Avropa İttifaqı və üzv dövlətlərdə sabitliyi pozmaq və zəiflətmək, həmçinin Ukraynaya dəstəyimizi pozmaq cəhdilə Rusiya tərəfindən yönəlmiş geniş koordinasiyalı hibrid kampaniyasının bir hissəsidir.
Bu, baş tutmayacaq: biz bu hərəkətlərə qarşı mübarizə aparmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün birlikdə və qətiyyətlə hərəkət edəcəyik. Ukraynaya dəstəyimiz lazım olduğu qədər möhkəm və sarsılmaz qalacaq.
Bu gün Rusiyanın sabitliyi pozan fəaliyyətini məhdudlaşdırmaq üçün xüsusi strukturun yaradılması barədə qərar qəbul edilib.
Bundan sonra Avropa İttifaqı Rusiyanın bütün dünyada sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyanları, onları həyata keçirənləri, dəstəkləyənləri və ya bundan faydalananları, eləcə də onların əlaltılarını və tərəfdarlarını təqib edə bilər.
Bizim öz davanıqlığımızı möhkəmləndirməyə, tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə və Avropa İttifaqının hibrid alətindən, o cümlədən diplomatik və məhdudlaşdırıcı tədbirlərdən, habelə Rusiyanın hibrid fəaliyyətinin qarşısını almaq, dayandırmaq və cavab vermək üçün mövcud olan bütün vasitələrdən tam istifadə etməyə davam edəcəyik", - bəyanatda deyilir.