Avropa İttifaqı Ukraynaya daha çox sursat göndərəcək
08-07-2023 12:56 / Bu xəbər 932 dəfə oxundu
Avropa İttifaqı bloka üzv 27 ölkədə sursat və raketlərin istehsalını artırmaq barədə qərar qəbul edib.
Qərarda deyilir ki, onun qəbul edilməsindən əsas məqsəd Ukraynaya Rusiya təcavüzünün dəf olunmasında kömək etməkdir.
Avropa İttifaqının rotasiyalı sədri olan İspaniya iyulun 7-də bildirib ki, ittifaqa daxil ölkələr və Avropa Parlamenti Ukraynaya ASAP proqramı çərçivəsində təcili yardım üçün 500 milyon avro ayrılması barədə qərar qəbul ediblər.
Bu qərar hələ üzv ölkələrin başçıları və Avropa deputatları tərəfindən təsdiq edilməlidir, amma qərarın təsdiqlənməsi prosedurunda heç bir çətinliyin yaranmayacağı düşünülür.
Ukrayna "F-16" qırıcıları istəyir
ASAP proqramına görə Ukraynaya bu il ərzində 1 milyon sursatın verilməsi nəzərdə tutulmuşdu.
"Associated Press" xəbər verir ki, mart ayında Avropa İttifaqı liderləri Ukraynaya hərbi yardım göstərilməsinə dair razılığa gəlmişdilər.
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya ən müasir silahlarla, o cümlədən "F-16" qırıcıları ilə kömək göstərilməsinə çağırır.
İyulun 7-də ABŞ-ın Ukraynaya kaset mərmiləri də daxil 800 milyon dollarlıq yardım barədə bəyanat verəcəyi gözlənilir.
Qərbin vədlərini Şərqi Avropa icra edir...
AP bu barədə məlumatı anonim mənbələrə istinadla yayıb. Avropa Parlamentinin üzvlərindən Mixael Qaler bu barədə deyib: "Avropa torpağında müharibə ilə üzləşdikdən sonra biz artıq son onilliklərdə olduğu kimi öz müdafiəmizə biganə yanaşa bilmərik. Bizə təcili qaydada büdcə prioritetlərimizi müəyyən etmək lazımdır”.
Bu arada iyulun 6-da Kil dünya iqtisadiyyatı institutunun hesabatında deyilir ki, bütün ikitərəfli razılşmalara baxmayaraq bu il Qərbin Ukraynaya hərbi yardımları azalıb.
Kil İnstitutunun hesabatında qeyd olunur ki, Ukraynaya vəd olunan hərbi yardımın yalnız yarısından bir qədər çoxu göndərilib.
Hesabatda ABŞ, Almaniya və Britaniyadan Ukraynaya göndərilən hərbi yardımlar qeyd olunur.
Bu da bildirilir ki, Qərbin Ukraynaya vəd etdiyi ağır hərbi texnikanın 80 faizini Çexiya, Slovakiya və Polşa kimi Şərqi Avropa ölkələri veriblər.