Avropa İttifaqının nümayəndəsi Azərbaycanda: Əliyevlə görüşüb

Avropa İttifaqının nümayəndəsi Azərbaycanda: Əliyevlə görüşüb

14-09-2022 15:33 / Bu xəbər 1045 dəfə oxundu

Toivo Klaar İlham Əliyevlə sərhəddə baş verən toqquşmanı müakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Məlumatı "president.az” yayıb.

Bildirilir ki, Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib.

O həmçinin bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını xatırladıb.

"İlham Əliyev bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini və bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib”, – deyə məlumatda qeyd olunub.

Görüşdə ölkə başçısının Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğuladığı da bildirilib:

"Prezident Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini dedi”.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.