Avropa Jurnalistlər Federasiyası Gürcüstan hakimiyyətini jurnalisti azad etməyə çağırıb

Avropa Jurnalistlər Federasiyası Gürcüstan hakimiyyətini jurnalisti azad etməyə çağırıb

06-08-2024 18:23 / Bu xəbər 510 dəfə oxundu

Gürcüstan hakimiyyəti azərbaycanlı jurnalist Əfqan Sadıqovu dərhal azad etməli və onun Azərbaycana ekstradisiyasını dayandırmalıdır.

Bu barədə avqustun 6-da Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun Gürcüstandakı filialı - Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası (IAGJ) bəyanat yayıb.

"Biz Gürcüstan hakimiyyətini Azərbaycandakı saxta sübutlar əsasında uydurulmuş siyasi proseslərdə iştirakdan çəkinməyə çağırırıq”, - EFJ prezidenti Maya Sever bildirib.

"Bu repressiya dalğası artıq 23 jurnalisti həbsə atıb. Azərbaycan Rusiya və Belarusdan sonra Avropanın ən repressiv dövlətlərindən birinə çevrilib. EFJ Amnesty International təşkilatına qoşularaq Gürcüstanı Əfqan Sadıqovun ekstradisiyasını dayandırmağa çağırır”. "Gürcüstanda azərbaycanlı jurnalistin saxlanması ölkədəki bütün media işçilərini narahat edir”, - deyə IAGJ prezidenti Zviad Poçxua əlavə edib.

Şənbə günü avqustun 3-də Azel TV saytının redaktoru Əfqan Sadıqov həyat yoldaşı və uşaqları ilə Tbilisidəki evindən çıxarkən Gürcüstan polisi tərəfindən həbs edilib.

Gürcüstan Azərbaycan hakimiyyətinin təhdid və qəsb ilə bağlı qeyri-müəyyən iddialardan sonra ekstradisiya sorğusuna cavab olaraq onu həbs edib.

Avqustun 5-də Tbilisi şəhər məhkəməsinin hakimi Ketevan Caçvadzenin qərarı ilə jurnalist barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

İyulun 17-də Əfqan Sadıqova və ailəsinə Tbilisi Beynəlxalq Hava Limanını tərk edərək Türkiyəyə getməyə icazə verilməyib.

Gürcüstan sərhəd nəzarəti əməkdaşları ona yalnız Azərbaycana uça biləcəyini bildiriblər.