Avropa liderləri Pompeo ilə görüşdən imtina edib

Avropa liderləri Pompeo ilə görüşdən imtina edib

14-01-2021 00:24 / Bu xəbər 499 dəfə oxundu

Lüksemburqun xarici işlər naziri Jan Asselborn və Avropa Birliyinin (AB) nümayəndələri ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşməkdən imtina ediblər. 

Buna görə də dövlət katibi Avropaya olan səfərini ləğv edib. 

Bu barədə yanvarın 13-də "Röyters" agentliyi diplomatik mənbələrinə istinadən xəbər verib. 

Agentliyə açıqlama verən avropalı diplomat deyib ki, Pompeo AB-nin liderlərilə Brüsseldə görüşməzdən əvvəl Lüksemburqa getməyi planlaşdırıb, amma bu ölkənin nümayəndələri onunla görüşmək istəməyiblər. Bu mərhələdə Brüsselə səfər hələ qüvvədə olub. Amma sonda məlum olub ki, nə AB-də, nə də NATO-da hər hansı görüş nəzərdə tutulub. 

"Röyters"in başqa bir diplomatik mənbəsi bildirib ki, Konqres binasındakı iğtişaşlar fonunda Pompeonun Avropaya səfəri ABŞ-ın müttəfiqlərini çaş-baş qoyub. 

Lüksemburqun Xarici İşlər Nazirliyi Pompeo ilə görüşün ləğv olunduğunu təsdiqləyib, amma əlavə təfərrüat açıqlamayıb. AB-də isə informasiyanı şərh etməkdən boyun qaçırıblar. 
Qurumda bildirilib ki, yaxın günlərdə ABŞ dövlət katibi ilə görüş planlaşdırılmır.

Yanvarın 12-də ABŞ Dövlət Departamenti Pompeonun bu həftə üçün nəzərdə tutulan bütün səfərlərini ləğv edib. 

Xarici siyasət idarəsindən verilən məlumata görə, qərar Donald Tramp administrasiyasının hakimiyyəti yeni seçilmiş prezident Cozef Baydenin komandasına ötürülməsini həyata keçirmək üçün qəbul olunub.