Avropa ölkələri karantin rejimini yüngülləşdirir

Avropa ölkələri karantin rejimini yüngülləşdirir

07-04-2020 13:12 / Bu xəbər 970 dəfə oxundu

Danimarkanın Baş naziri Mette Frederiksen Pasxa bayramından sonra, yəni gələn həftədən etibarən hökumətin ciddi karantin məhdudiyyətlərini yüngülləşdirməyə başlayacağını açıqlayıb. 

Hökumət 0-5 sinif şagirdləri üçün uşaq bağçaları və məktəblər açır. Bununla birlikdə, şagirdlər və müəllimlər açıq havada mümkün qədər çox olmalıdırlar və dərslər qapalı keçirildikdə, aralarında daha çox məsafə olmalıdır.

Frederiksenin sözlərinə görə, 6-10-cu sinif şagirdləri də lisey şagirdləri kimi mayın 10-dan gec olmayaraq məktəbə qayıda biləcəklər. 

O həmçinin bildirib ki, tələbələr üçün bütün buraxılış imtahanları ləğv ediləcək.

Avstriya kansleri Sebastian Kurtz bazar ertəsi Pasxa bayramından sonra ölkənin "dirildiyini" elan edərək karantin tədbirlərinin yumşalmasını elan edib. 

Onun sözlərinə görə, aprelin 14-dən etibarən sahəsi 400 kvadratmetrə qədər olan bütün kiçik mağazalar, həmçinin bağçılıq və təsərrüfat mağazaları açılacaq. Qalan dükan və ticarət mərkəzləri, həmçinin bərbərlər mayın 1-dən fəaliyyətə başlayacaq. 

Otellər və restoranlar tədricən, amma may ayının ortalarında tez olmayaraq açmağa planlaşdırırlar. 

Bununla bağlı qəti qərar aprelin sonunda veriləcək. May ayının ortalarına qədər məktəblər işləməyəcək. 

İyunun sonuna qədər kütləvi tədbirlər həyata keçirilməyəcək.

Çex hökuməti də koronavirusun yayılması ilə mübarizə üçün tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldırmağa qərar verib. 

Çərşənbə axşamı günündən etibarən vətəndaşlara yenidən qaçış və tennis kimi təmasda olmayan idman növləri ilə məşğul olmağa icazə veriləcək.

"Hökumət çərşənbə axşamı günündən etibarən idman və açıq idman meydançalarına icazə verilməsini qərara aldı. Bunlar kollektiv idman növləri deyil, fərdi idman növləri", - deyən Baş nazirin müavini Karel Gavlicek qapalı idman salonlarında dərslərin qadağan olduğunu söyləyib. 

Hökumət eyni zamanda cümə axşamı tikinti materialları, avadanlıq, müxtəlif hobbi üçün məhsul satışı və velosiped təmir xidmətləri mağazalarının açılmasına qərar verib, ancaq hər kəsi ciddi gigiyena qaydalarına riayət etməyə çağırıb.

Bununla yanaşı, bunun açıq bir səbəbi olmadıqda - əsasən mağazaya getmək, işləmək və ya qohumlara kömək etmək üçün çıxmağa qadağa hələ də mövcuddur. Ayrıca ictimai yerlərdə maska taxmaq və ailə üzvü olmadıqları təqdirdə iki nəfərdən çox qrupda bir yerə yığılmaq da qadağalar siyasındadır.

Bu gün Çexiya parlamenti fövqəladə vəziyyət rejiminin nə qədər müddətə - 14 və ya 30 günə uzadılmasına qərar verməlidir. 

Çexiya Daxili İşlər naziri Yan Qamaçek daha uzun müddətə uzadılmasının tərəfdarıdır, ancaq 30 aprel tarixinə qədər uzadılması ilə bağlı qərarın veriləcəyi ehtimalı yüksəkdir.

Nizami Bağırov