Avropa Məhkəməsi Azərbaycanı cərimələdi: 72 min avro

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi: 72 min avro

13-02-2020 16:16 / Bu xəbər 929 dəfə oxundu

Avropa Məhkəməsi fevralın 13-də Qiyas İbrahimli və Bayram Məmmədovun  6 şikayət üzrə qərarını elan edib.

Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.

Məlumatda deyilir ki, Avropa İnsan Haqları Məhkəməsi(AİHM) qurama ittihamlarla həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib.

Ekspert bildirir ki, 6 şikayət  gənclərin saxlanılması zamanı işgəncə, qeyri-insani rəftara məruz qalmaqdan, axtarış və götürmənin qanunsuzluğundan, məhkəməyə qədər həbsin qanunsuzluğundan verilib.

Məlumatda qeyd olunub ki, gənclər AİHM-ə şikayətlərində iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub. 

Məhkəmədən həmçinin 5-ci, 8-ci və 10-cu maddələrlə birlikdə götürülməklə 18-ci maddənin pozuntusunun tanınmasını tələb ediblər.

AİHM hesab edib ki, gənclərin 3-cü, 5-ci, 10-cu və 18-ci (5-lə birgə) maddələrlə təminat altına alınan hüquqları pozulub. Hökumət gənclərə birlikdə 72 min avro təzminat ödəməlidir.

Gənc fəallar B.Məmmədov və Q.İbrahimli 2016-cı il mayın 10-da evdə qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. 

Rəsmi açıqlamada  B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edidiyi, Q.İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilib.

Gənclər məhkəmədə ittihamları qəbul etməyib. Onlar, vəkilləri, hüquq müdafiə qurumları bəyan ediblər ki, gənclər keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs ediliblər. 

Yerli məhkəmələr gənclərin hər birini 10 il azadlıqdan məhrum edən hökm çıxarmışdı. Hər iki gənc fəal 2019-cu ilin martında azadlığa çıxıb.///toplum.tv