Avropa Məhkəməsi ilahiyyatçı alimlə bağlı qərarını açıqlayıb

Avropa Məhkəməsi ilahiyyatçı alimlə bağlı qərarını açıqlayıb

12-12-2019 17:47 / Bu xəbər 1019 dəfə oxundu

Dekabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi ilahiyyatçı alim, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədovun işi üzrə qərarını elan edib.

Bu barədə vəkil Fariz Namazlı öz feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi Mövsüm Səmədovun həbsdə saxlanılmasını pozuntu olaraq qəbul edib və mənəvi zərərə görə təzminat ödəməsini tələb edib: 

"Bu gün Avropa Məhkəməsi ilahiyyatçı alim, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədovun işi üzrə qərarını elan edib. Məhkəmə hesab edib ki, M. Səmədovun ibtidai istintaq dövründə 8 ay və 17 gün həbsdə saxlanılması və yerli məhkəmələrin onun həbsdə saxlanılmasına tutarlı arqumentlər gətirməmələri Konvensiyanın 5.3-cü maddəsinin və 6.1, 6.3-cü maddələrini pozur. Mənəvi zərərə görə məhkəmə 4000 avro müəyyən etdi".
 
Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də saxlanılıb.

O, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,12 il müddətinə azadlıqdan məhrum edilib.

Müdafiəçiləri bildiriblər ki, o, hakimiyyəti tənqid etməsi ilə tanınıb. 

Səmədov və onun təmsil edildiyi partiya da həbsi onun çıxışları ilə əlaqələndirib.