Avropa Məhkəməsi jurnalistin şikayəti üzrə qərarını açıqladı

Avropa Məhkəməsi jurnalistin şikayəti üzrə qərarını açıqladı

30-07-2020 15:09 / Bu xəbər 1919 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 30-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə yekun qərarlarını elan edib.

Aihmaz.org-un yaydığı məlumata görə, hökumət mühacirətdəki Nəsibovlara təzminat ödəməlidir.

Məhkəmə Naxçıvanda fəaliyyət göstərən, daha sonra Azərbaycandan mühacirət etmək zorunda qalan jurnalist Məlahət Nəsibovanın işində tərəflərin dostca anlaşmasını qəbul edib. Qərara görə hökumət mühacir jurnalistə və onun həyat yoldaşı İlqar Nəsibova təzminat ödəməlidir.

M.Nəsibovanın işi 2008-ci ildə onun mənzilində və həmsədri olduğu QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin ofisində axtarış aparılması ilə bağlı olub. Həmin axtarışlar M.Nəsibovanın jurnalist həyat yoldaşı İlqar Nəsibova cinayət işi açılmasından qaynaqlanıb. 

İş üzrə kommunikasiyanın gedişində həm Məlahət Nəsibova, həm də həyat yoldaşı İlqar Nəsibov dostca anlaşmaya razılıqlarını ifadə ediblər. Anlaşmanı nəzərə alan məhkəmə Nəsibovların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət xanım Nəsibovaya ümumilikdə 5500, onun həyat yoldaşı İlqar Nəsibova isə 11600 avro təzminat ödəyəcək.

Məlahət Nəsibova AİHM-ə 2009-cu ildə şikayət etmişdi. 

O, Konvensiyanın 6-cı, 8-ci, 10-cu və 13-cü maddələriinin pozuntusuna məruz qaldığını iddia edirdi.

O, Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi olub.

Jurnalist Naxçıvanda fiziki təzyiqlərə məruz qalıb. Həyat yoldaşı İlqar Nəsibov fiziki təzyiq nəticəsində ağır bədən xəsarətləri alıb. Bundan sonra Nəsibovlar ailəsi Norveçdə sığınacaq alıb. 

Məlahət Nəsibova 2009-cu ildə "azad və müstəqil mətbuat üçün cəsarətli və sarsılmaz mübarizəsi"nə görə Norveçdə təqdim edilən Torolf Rafto xatirə mükafatına layiq görülüb.///toplum.tv