Avropa Məhkəməsi Ramil Səfərova görə Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Ramil Səfərova görə Azərbaycanı cərimələdi

26-05-2020 13:54 / Bu xəbər 1373 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. 

Qərar Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə  2012-ci ildə Macarıstandan Azərbaycana ekstradasiya edilən Ramil Səfərovun işi ilə bağlı olub. 

Bu barədə məlumatı media hüququ üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.  

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. 

Bildirilir ki, həm Azərbaycan, həm də Macarıstan Konvensiyanın 38-ci (məhkəmə işinin araşdırılması) maddəsinə əməl ediblər. 

Məhkəmə Azərbaycanı cərimələyib.  

Azərbaycan ərizəçilərə xərc və məsrəflərə görə 15, 143,33 funt sterlinq təzminat ödəməlidir. 

Bu işdə ərizəçilır maddi və mənəvi zərər əvəzi tələbi irəli sürməmişdilər. Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması, onun cəzasının qalanını çəkməsi barədə ümumi tədbir məcburiyyəti qoysun. AİHM öz qərarında bununla bağlı qeyd etdi ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. 

O, kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı təhqir etdiyi üçün qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 

 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub. 

Həmin vaxt vəfat edən erməni hərbiçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib.  

Ərizəçilər iddia edirdi ki, hərbiçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. 

 Eyni zamanda AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradasiya edilən hərbiçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) maddənin  pozuntusu mübahisələndirilib. 

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.

Elmar Əziz
Toplum.Tv