Avropa Məhkəməsi şikayət üçün nəzərdə tutulan müddəti azaltdı

Avropa Məhkəməsi şikayət üçün nəzərdə tutulan müddəti azaltdı

21-01-2022 17:02 / Bu xəbər 619 dəfə oxundu

Vəkil: "Başqa mənfi təsiri yoxdur, azca tələsmək lazım gələcək”

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət üçün nəzərdə tutulan müddət 4 aya endirilib.

Əvvəllər bu müddət 6 ay idi.

Dəyişiklik Avropa İnsan Haqları Konvensiyasına edilib və yeni qayda fevralın 1-dən qüvvəyə minir.

Bildirilir ki, yeni qayda yalnız yekun milli məhkəmə qərarlarının 1 fevral 2022-ci il tarixində və ya ondan sonrakı tarixlərdə verilməsi hallarına şamil olunur.

Avropa İnsan Haqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 Saylı Protokol 2021-ci il avqustun 1-də qüvvəyə minib.

Bu Protokol Konvensiyanın Preambulasının subsidiarlıq (köməkçi) prinsipi və mülahizə sərbəstliyi doktirinası ilə əlaqəli müddəalarına dəyişiklikləri nəzərdə tutur.

15 Saylı Protokol həmçinin, Avropa Konvensiyasına aşağıdakı dəyişikliklərin edilməsini nəzərdə tutur:
– "əhəmiyyətli zərərin olmaması” qəbuledilənlik meyarı ilə bağlı, ikinci şərt, yəni ölkədaxili məhkəmə tərəfindən lazımi qaydada baxılmamış bir işin rədd edilməməsi şərti (35.3b)
– dəyişdirilib və bu müddəa silinib;
– bundan sonra Tərəflər Məhkəmənin hansısa palatasının işdən Böyük Palatanın xeyrinə imtina etməsinə etiraz edə bilməyəcəklər;
– məhkəmə hakimliyinə namizədlərin yaşı, üç namizədin siyahısının Parlament Assambleyası tərəfindən tələb edildiyi tarixdə, 65 yaşdan aşağı olmalıdır.

15 Saylı Protokol 2013-cü ildə qəbul edilib.

Avropa Şurasının bütün üzv dövlətləri protokolu ratifikasiya edib.

Vəkil Fariz Namazlı Meydan TV-yə deyib ki, fevralın 1-dən sonra ölkədaxili qəbul edilən məhkəmə qərarından 4 ay ərzində AİHM-nə şikayət verməli olacaqlar.

Onun sözlərinə görə, vaxtın azalması işləri sürətli görməyin lazım olduğundan xəbər verir: "Yəni, sadəcə, azca tələsmək lazım gələcək. Başqa mənfi təsiri yoxdur. Sadəcə şikayəti 4 aya yazıb göndərmək lazım olacaq, vəssəlam”.

Vəkil deyib ki, iş çox olanda çatdırmaq çətin olur:

"Həm də AİHM-nə şikayət yazmaq çox vaxt aparır, xüsusən sənədlər çox olanda, onlarla tanış olursan, şikayəti yazırsan və s. Odur ki, vaxtın azalması bəzi işlərdə çətinlik yarada bilər”.