Avropa Məhkəməsindən Azərbaycana 126 minlik cərimə

Avropa Məhkəməsindən Azərbaycana 126 minlik cərimə

13-01-2022 17:02 / Bu xəbər 710 dəfə oxundu

Şikayətçilərdən Tural Cəfərov hökumətlə dostca anlaşıb

Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə qərarlarını elan edib.

Bunlar 6 yekun qərar və qərardadlarda əksini tapıb. Qəbul edilən qərarlar əsasında Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 126 min avrodan artıq təzminat ödəməlidir.

"Səid Haşemi və başqaları Azərbaycana qarşı”

AİHM bu işdə ərizəçilərə münasibətdə şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib.

Hökumətin boynuna ərizəçilərin hər birinə 2100 avro təzminat ödəmək öhdəliyi qoyulub.

İş əcnəbi vətəndaşlar olan ərizəçilər – Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri Azərbaycan torpaqlarında doğulub.

Onlar doğum haqda şəhadətnamələri olan övladlarına Azərbaycan vətəndaşlığının verilməsindən imtina edilməsi ilə bağlı şikayət ediblər. Bildiriblər ki, onların şəxsi həyata hörmət hüquqlarına müdaxilə baş verib.

"Akif Nəsirli və başqaları Azərbaycana qarşı”

Bu işdə yekun qərardad iddia olunan pozuntuları etiraf edən hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən elan olunub.

Ərizəçilər bəyannaməyə münasibət bildirməyiblər. İki ərizəçinin hər birinə 4750 avro təzminat ödənilməlidir.

Hər iki iş Qeyri Hökumət Təşkilatlarının (QHT) dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlı olub.

Ədliyyə Nazirliyi tərəfindən müvafiq müraciətləri dəfələrlə rədd edilən ərizəçilər, birləşmək və ədalətli məhkəmə araşdırması hüquqlarının müdaxiləyə məruz qaldığını bildiriblər.

"Mehman Ağayev Azərbaycana qarşı”

Bu işdə isə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 11 000 avro təzminat ödəyəcək.

İş mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı olub. Ərizəçinin mənzili, mənzilin yerləşdiyi bina Bakıdakı Qış Parkı bağ-park kompleksinin salınması məqsədi ilə sökülüb.

Ərizəçi iddia edib ki, ona məxsus mülkiyyətin özgəninkiləşdirilməsi prosesi qanunsuz aparılıb. Nəticədə onun şəxsi həyata hörmət, mülkiyyət və səmərəli hüquq müdafiələrinə malik olmaq hüquqları tapdanıb.

"Cəlilov və başqaları Azərbaycana qarşı”

Bu iş üzrə qərardad hökumətin təktərəfli bəyannaməsinə əsasən çıxarılıb. Qərardada görə, hökumət 5 ərizəçinin hər birinə 1750 avro təzminat ödəməlidir.

İş məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub.

"İqbal Ağazadə Azərbaycana qarşı”

İş ərizəçi AİHM-dən şikayətini geri götürdüyü üçün baxılacaq işlərin siyahısından çıxarılıb.

Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olan bu işdə ərizəçi Ümid Partiyasının sədri İqbal Ağazadə olub.

Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilib.

Ərizəçi iddia edib ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi, 6710 səs alaraq, 2-ci olub. Səslərin yenidən sayılması üçün müraciətləri rədd edilmiş ərizəçinin şikayətlərini yerli məhkəmələr əsassız hesab edib.

O iddia edirdi ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla çeşidli seçki prosedurları, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.

"Tural Cəfərov Azərbaycana qarşı”

Bu işdə tərəflər dostca anlaşma bağlayıblar. Hökumət ərizəçiyə 8300 avro təzminat ödəməlidir.

İş müxalifyönlü yazıları ilə tanınan jurnalist ərizəçinin bir konfransa qatılarkən yerləşdikləri otel otağında gizli kamera ilə şəxsi və intim xarakterli video-görüntülərinin çəkilməsi, internetdə və özəl telekanalda yayılması ilə bağlı olub.

Ərizəçi görüntülərini yayan telekanala qarşı üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırıb.

İddia etmişdi ki, gizli çəkilmiş şəxsi videoların yayılması qanunsuz olub, onun ləyaqətinə və nüfuzuna xələl gətirib, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub. Ancaq onun iddiası yerli məhkəmələrdə rədd edilib.

Ərizəçi AİHM önündə iddia edib ki, iddiası üzrə məhkəmə prosesi ədalətsiz olub, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqları pozulub.

"Balakişiyev və Surxayev və başqaları Azərbaycana qarşı”

"Balakişiyev və Surxayev və başqaları Azərbaycana qarşı iş”i də tərəflərin dostca anlaşması ilə başa çatıb.

Anlaşmaya əsasən, hökumət 16 ərizəçinin 15-nə 4750, 1 ərizəçiyə isə 5000 avro təzminat ödəyəcək.(Meydan TV)