Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək

Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək

09-03-2018 21:49 / Bu xəbər 2846 dəfə oxundu

Avropa Parlamenti Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkisini müşahidə etməyəcək.

Bu haqda Avropa Parlamentinin mətbuata açıqlamasında bildirilir.

Sənəddə bildirilir ki, Azərbaycandakı seçkilərin müşahidəsi ilə bağlı parlamentin mövqeyini qurumun Demokratiyanın dəstəklənməsi və seçki koordinasiya qrupunun həmsədrləri MakAlister və MakAvan açıqlayıblar.

«Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək. Nə prosesi, nə sonra elan ediləcək nəticələri şərh edəcək. Avropa Parlamentinin hansısa fərdi üzvü bu seçki prosesini müşahidə etmək, onu şərh etməklə bağlı səlahiyyətləndirilməyib», - açıqlamada vurğulanır.

Açıqlamada vurğulanıb ki, Avropa Parlamentinin hər hansı bir üzvü fərdi şəkildə bu seçkiləri müşahidə etməyə qərar verərsə, bunun öz təşəbbüsü olduğunu ifadə etməli, parlament adından çıxış etməməlidir.

Sənədə görə, Avropa Parlamenti yaz sessiyasından əvvəl, plenar iclas zamanı Avropa Birliyi və Azərbaycan arasında münasibətlər barəsində hesabat qəbul edəcək.

«Yalnız həmin hesabat bu məsələ ilə bağlı Avropa Parlamentinin rəsmi mövqeyini ifadə edəcək», - açıqlamanın sonunda bildirilir.

Açıqlamada həmçinin, Avropa Parlamentinin martın 18-də Rusiyada keçiriləcək prezident seçkisini də müşahidə etməyəcəyi ifadə olunub.

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik dördünün namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı prezident İlham Əliyev, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən deputat Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevdir.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.///meydan.tv