Avropa Parlamentinin sədri Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə çağırıb
18-12-2024 17:24 / Bu xəbər 157 dəfə oxundu
O qeyd edib ki, Azərbaycanda əsassız və ədalətsiz həbsindən sonra hazırda ev dustaqlığında olan İbadoğlunun səhhəti pisləşib
Avropa Parlamentinin sədri Roberta Metsola dekabrın 17-də Strasburqda Andrey Saxarov adına mükafatın təqdimetmə mərasimində bir daha bu mükafatın finalçılarından olan iqtisadçı alim Qubad İbadoğluna qarşı ittihamları ləğv etməyə çağırıb.
Metsola qeyd edib ki, Azərbaycanda əsassız və ədalətsiz həbsindən sonra hazırda ev dustaqlığında olan İbadoğlunun səhhəti pisləşib.
"Fürsətdən istifadə edərək, Azərbaycan hakimiyyətini doktor İbadoğluna qarşı bütün ittihamları ləğv etməyə, onun ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə və ona təcili şəkildə ehtiyacı olan tibbi yardımı göstərməyə çağırıram”, – deyə Metsola bildirib.
Avropa Parlamentinin prezidenti Roberta Metsola iqtisadçı, siyasi məhbus Qubad İbadoğlunu Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatının təqdimat mərasiminə dəvət etmişdi.
Qubad İbadoğlu ölkədən çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilməyib, Azərbaycan hakimiyyəti bu səfərə icazə verməkdən imtina edib.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.
O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Daha sonra ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları saxta adlandırıb.
2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.
Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il "Saxarov” mükafatının üç finalçısını seçmişdilər.
Onlardan biri azərbaycanlı, antikorrupsiya fəalı, professor Qubad İbadoğlu idi.
Avropa Parlamenti Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatını bu il Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonzales Urrutia və müxalif siyasətçi Mariya Korina Maçadoya verib.
Parlamentin prezidenti Roberta Metsola oktyabrın 24-də Fransanın Strasburq şəhərində laureatları elan edib.
Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatı 1988-ci ildə təsis edilib.
Hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir.
Mükafatın həcmi 50 min dollardır.