Avropa Rusiya qazına sanksiya qoysa, Azərbaycan qazına tələbat artacaqmı?
28-01-2022 18:02 / Bu xəbər 1240 dəfə oxundu
İqtisadçı: "Azərbaycan Avropanı qazla təmin edəcək gücdə deyil”
Qərb mediası Avropa Birliyi ölkələrinin nə dərəcədə Rusiyadan alınan təbii qazdan asılı olduğunu müzakirə edir.
Məsələn, Rusiyaya növbəti dəfə xəbərdarlıq edən Almaniya xarici işlər naziri Annalena Baerbock deyib ki, Ukraynaya növbəti hücum qəbuledilməz olar: "Baxmayaraq ki, ölkəm hər zaman danışıqlara üstünlük verir. Ancaq hücumla bağlı eyni şeyi deyə bilməyəcəyəm. Əgər Rusiya Ukraynaya hücum etsə, sərt qarşılıq görəcək”.
"Belə bir hücum qarşısında "Nord Stream 2” boru xətti (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) də daxil olmaqla genişçeşidli müxtəlif cavab variantlarımız var”, – deyə o bildirib.
Nazir əlavə edib ki, bu gün Avropada sülh nizamı müzakirəedilməzdir. Bu, anlaşılmazlığa yer qoymayacaq bir qətiyyətlə dilə gətirilməlidir: "Yüz minlərlə əsgərin məntiqli bir səbəb yoxkən tanklarla, toplarla Ukrayna sərhəddində toplanmasını təhdid kimi anlamamaq çətindir”.
Rusiyanın Ukrayna sərhəddinə 100 mindən çox əsgər yığdığı bildirilir.
Yanvarın 28-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sərhəddəki Rusiya əsgərlərinin sayının günü-gündən artdığını söyləyib.
Rəsmi Kreml ötən ilin sonu açıqlama verərək bildirib ki, Ukrayna ilə sərhəddə Rusiya Belarusla birgə hərbi təlimlər keçirir. Əsgərlərin sərhəd ərazisinə toplanma səbəbi budur.
Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.
Münaqişənin yenidən qızışarsa, Almaniya Rusiya qazına dediyi kimi sanksiya qoyarsa, Azərbaycan qazına Avropada tələbat arta bilərmi?
Foto:Frame Stock Footage/shutterstock
İqtisadçı Fərid Mehralızadə Meydan TV-yə deyir ki, Avropanın təbii qaz baxımından Rusiyadan asılılığı uzun illərdir müzakirə edilir. Hətta bu, Avropanın enerji təhlükəsizliyi siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan isə az da olsa, bu aslılığın aradan qaldırılmasına xidmət edə bilər: "Ancaq Azərbaycan qazı Avropaya ilk dəfə 2020-ci ilin sonu ixrac edilməyə başlayıb. Bəli, Avropanın Rusiya qazına sanksiyası Azərbaycan qazına tələbi artıra bilər. Burada əsas məsələ budur: Azərbaycanın malik olduğu təbii resurslar bu tələbi qarşılamaq gücündədirmi?”
"Azərbaycan Energetika Nazirliyinin rəsmi rəqəmləri göstərir ki, Azərbaycan Avropanı qazla təmin edəcək gücdə deyil”, – iqtisadçı belə deyir.
Onun sözlərinə görə, 2021-ci ilin ilk 11 ayında Azərbaycan 39,7 milyard kubmetr təbii qaz hasil edib: "Bunun da 17 milyard kubmetri ixrac olunub. Həmin o 17 milyard ixrac olunan qazın cəmi 7,3 milyard kubmetri Avropaya satılıb. Yəqin ki, dekabrın nəticələri də açıqlansa, ötən il Avropaya təxminən 8 milyard kubmetr qaz satdığımızı görəcəyik. Məsələn, biz Rusiyanın ixrac rəqəmlərinə baxanda görürük ki, "Qazprom” hər il Avropaya 175-180 milyard kubmetr qaz satıb. Bu o deməkdir ki, Azərbaycanın Avropaya satdığı qazın həcmi təkcə, Rusiyanın həmin ərazilərə ixracının 10 faizinə bərabərdir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bir o qədər əhəmiyyətli rola malik deyil. Müəyyən qədər rol oynasa da, ciddi ölçüyə çatmayıb”.
Fərid Mehralızadə bildirib ki, hətta Azərbaycan Avropanın qaz tədarük etdiyi mənbələrin top 5-də belə deyil.
Avropanın ümumi qaz ehtiyacına gəlincə, iqtisadçı deyir ki, bu, son illər 325-350 milyard kubmetrdir: "Yəni Azərbaycanın il boyu ixrac etdiyi qaz Avropanın ehtiyacının cəmi bir neçə faizidir. Bu baxımdan Azərbaycan qazına tələb artsa belə, bu ölkənin Avropanın bütün qaz təminatında ciddi rol oynaması indiki mərhələdə real deyil. Sadəcə, ölkədə hasil olunan təbii qazın miqdarı artsa, icrac bir qədər çoxalar. Bununla bağlı da proqnozlar artıq var. Amma yenə də Azərbaycan çox böyük irəliləyiş əldə edə bilməz. Bu baxımdan düşünürəm ki, tələb artsa da, Azərbaycan bunu bütün Avropa miqyasında qarşılaya bilməyəcək”.
Fərid Mehralızadənin şəxsi arxivindən
İqtisadçıya görə, Azərbaycan yalnız Yunanıstan, İtaliya, Bolqarıstan kimi ölkələrin təbii qazla təchizatında ciddi rol oynaya bilər: "Malik olduğumuz təbii resurslar Avropa İttifaqı Birliyi miqyasında önəmli oyunçuya çevrilməyə imkan vermir”.
Azərbaycan 2020-ci ildən bu yana Cənub Qaz Dəhlizinin bir həssəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya qaz ixrac edir. Hətta ötən il Azərbaycandan İtaliyaya təbii qazın nəqli 77 faiz artıb.
TAP təbii qazı Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından Avropaya daşıyır.
878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
Hələ "Reuters” 2018-ci ildə Almaniya kansleri Angela Merkelin Xəzər dənizindən çıxarılan qazın Avropaya çatdırılması üçün Azərbaycana səfəri barədə yazırdı.
Həmin məqalədə bildirilirdi ki, Merkelin səfərinin məqsədi cənub boru kəmərinin işlənməsini müzakirə etməkdir.
Sayt qeyd edirdi ki, bu səfər Merkelin təbii qazı birbaşa Rusiyadan Baltik Dənizinin altından Almanyaya daşıyacaq "Nord Stream 2” boru xəttinə sadiq qalsa da, alternativ, uyğun qiymətə qaz qaynaqları tapmağa açıq olduğunu göstərir.
Həmin vaxt sayta açıqlamasında Almaniya hökumətinin yüksək rütbəli rəsmisi də bildirmişdi ki, Cənub Dəhlizinin inkişafı onların marağındadır: "Bu, Aİ-nin qazın təkcə Rusiyadan deyil, digər bölgələrdən də Avropaya çatdırılması üzrə diversifikasiya strategiyasının bir hissəsidir”.