Avropa Rusiyaya xəbərdarlıq edir, Rusiya hədələyir

Avropa Rusiyaya xəbərdarlıq edir, Rusiya hədələyir

11-12-2021 13:48 / Bu xəbər 2892 dəfə oxundu

Avropa İttifaqı Rusiyaya xəbərdarlıq edib ki, o əgər Ukraynaya müdaxilə edərsə "bunun nəticələri ilə” üzləşməli olacaq.

Bu arada Almaniya və Fransa Rusiyanın Ukrayna sərhədlərinin yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı artmaqda olan gərginliyin cilovlanması məqsədilə danışıqlar keçirilməsinə çağırıblar.

Avropa liderlərinin bu barədə dedikləri əsasən ABŞ prezidenti Co Baydenin bəyanatları ilə səsləşir.

O Ukraynaya müdaxilə təqdirində Moskvanı "çox ağır cəza tədbirlərinin gözlədiyini” demiş, amma həm də Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçılarla diplomatik danışıqlara maraq ifadə etmişdi.

Dekabrın 10-da Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Almaniyanın yeni kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib: "Təcavüzün qiyməti çox baha olacaq, buna görə də biz bu məqamları Rusiya ilə müzakirə edəcəyik”.

Xanım Von der Leyen Rusiya Ukraynaya hərbi müdaxilə edərsə ona qarşı irəli sürüləcək sanksiyalar barədə konkret heç nə deməyib.

Avropa Şimal Axını 2-yə işarə edir

Amma belə görünür ki, Avropa Komissiyasının başçısı Rusiyadan Almaniyaya çəkilmiş Şimal Axını 2 qaz kəmərinin hədəflənməsi məsələsinin açıq qalmasına işarə edib: "Ümumiyyətlə enerjidən təzyiq vasitəsi kimi istifadə edilməməlidir və Avropa və onun qonşularının enerji təhlükəsizlyinə qarantiya verilməlidir. Bu aydındır ki, əgər sərhəd pozulması baş verərsə, Almaniya, Avropa İttifaqı və bir çox başqa ölkələr buna reaksiya verməli olacaqlar”.

Bundan əvvəl Fransaya səfəri zamanı Şolts Normand formatı adlanan danışıqların bərpasına çağırmışdı.

Ukraynanın şərqindəki separatçı münaqişəni tənzimləmək üçün yaradılmış Normand dördlüyünə Rusiya, Ukrayna, habelə Fransa və Almaniya daxildirlər.

Bu həftə Ukrayna prezidenti ilə söhbət etmiş Fransa lideri Emmanuel Makron deyib ki, o şərqi Uikraynadakı münaqişənin çözümü üçün danışıqların davam etdirilməsini istərdi.

Moskvanın açıq hədəsi

Dekabrın 9-da Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden də danışıb.

Bayden söhbət zamanı, əgər Rusiya Ukraynaya hücum edərsə, ABŞ və onun müttəfiqlərinin Moskvaya qarşı "çox ciddi iqtisadi və başqa tədbirlər” görəcəyini bir daha vəd edib.

Amma prezident həm də Minsk razılaşmaları çərçivəsində danışıqların bərpasına çağırıb.

Bayden bunu da deyib ki, ABŞ və onun müttəfiqləri "Ukraynanı Ukraynasız müzakirə etməmək” prinsipinə sadiqdirlər.

Amma dekabrın 10-da Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva gərginliyin azaldılması üçün bir sıra addımların atılmasını təklif edir.

Bu təkliflərə hərbi manevrlərin Rusiya-NATO sərhədindən razılaşdırılmış məsafə limitində keçirilməsi, NATO və Rusiya gəmiləri və təyyarələri arasında, xüsusilə də Baltik və Qara dəniz hövzələrində təhlükəsiz distansiyanın saxlanması daxildir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri rəsmi təhlükəsizlik qarantiyalarının verilməsinə dair Moskvanın tələblərini qulaqardına vurmamalıdırlar: "Əgər onlar imtina etsələr və bu məsələni əngəlləsələr, öz təhlükəsizlik vəziyyətləri daha da pisləşəcək”.(Azadlıq.org)