Avropa Şurası: "Azərbaycan məhbuslara ən az xərc çəkən ölkələrdəndir"

Avropa Şurası:

08-04-2021 16:04 / Bu xəbər 696 dəfə oxundu

Azərbaycan məhbus sayına görə Avropa məkanında 5-ci yerdədir

"Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür”.

Məlumat Avropa Şurasının aprelin 7-də yaydığı məhbusların sayı barədə hesabatında öz əksini tapıb.

Hesabatı öz "Facebook” səhifəsində paylaşan hüquqşünas Xalid Ağaliyev yazır ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə məhbus sayında azalma müşahidə olunur: "Hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub. 2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib. Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub”.

Hesabata əsasən, hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan Avropa məkanında 5-cidir.

1-ci yerdə Türkiyədir, 100 minə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219-dur. Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür.

Sənəddə dövlətlərin məhbuslara çəkilən xərclər də yer alıb. Azərbaycan Avropa Şurası məkanında məhbuslara ən az xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir. Azərbaycandan az xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcüstanda məhbusların günlük xərci 12,6 avro, Ermənistanda isə 18,8 avrodur. Avropalıların məhbuslara günlük xərci isə aşağıdakı kimidir:

Andorra – 178; Avstriya - 128; Danimarka - 202; Finlandiya - 204; İrlandiya - 206;

Lüksemburq - 245; Hollandiya - 265; İsveç - 304; Norveç - 318;

Lixtenşteyn - 352; Monako - 467; San-Marina-1081 avro”.

Hesabata əsasən, Azərbaycanda məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır, onların ümumi məhbusların 29 faizini təşkil edir.

Sənəddə Azərbaycan həbsxanalarında boş yerlərin olması barədə də qeydlər yer alıb. Belə ki, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Qonşu Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada isə 120 məhbus düşür.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, Avropa Şurasının hesabatından xəbərsizdirlər: "Bilirsiniz, mənim əlimdə həmin rəqəmlər olmadığı üçün şərh verə bilmərəm".